Türk Qızıl Ayıparağından Qəzzaya 25 min nəfərlik ərzaq yardımı
Türkiyə Qızıl Aypara Cəmiyyəti Qəzzada humanitar böhranın təsirlərini azaltmaq məqsədilə yardım fəaliyyətlərini davam etdirir.
Crossmedia.az xəbər verir ki, bu çərçivədə təxminən 25 min nəfərin ehtiyacını qarşılayacaq ərzaq yardımı bölgədəki ehtiyac sahiblərinə çatdırılıb.
Yardım kampaniyası çərçivəsində xeyriyyəçilərin dəstəyi ilə əldə edilən 5 min 300 ərzaq qutusu Qəzzanın müxtəlif ərazilərində yaşayan ailələrə paylanılıb.
Bununla yanaşı, təşkilat bölgədə içməli su və isti yemək təminatını da həyata keçirir. Belə ki, hər gün 150 ton içməli su paylanaraq ən azı 15 min nəfərin suya olan tələbatı qarşılanır. Xeyriyyə mətbəxləri vasitəsilə isə gündəlik 30 min nəfərə isti yemək verilir.
Qeyd edək ki, Türkiyə Qızıl Aypara Cəmiyyəti hücumlar nəticəsində ətraflarını itirən Qəzza sakinləri üçün protez-ortez dəstəyi layihəsinə də başlayıb. Bundan əlavə, müharibədən zərər çəkmiş uşaqlara psixososial dəstək göstərilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
15:04 22.11.2026
Oxunuş sayı: 95