Keçmiş kəşfiyyatçı NATO-nun mövcudluğunu tənqid edib
ABŞ-nin keçmiş hərbi kəşfiyyat analitiki Skott Ritter Avropanın NATO-nu qoruyub saxlamasını ciddi səhv adlandırıb. Onun fikrincə, alyansın mövcudluğu üzv ölkələri daim yeni rəqiblər axtarmağa sövq edir.
Crossmedia.az xəbər verir ki, Ritter bu barədə TASS agentliyinə müsahibəsində bildirib.
Keçmiş kəşfiyyat analitiki xatırladıb ki, ABŞ-nin 34-cü prezidenti Duayt Eyzenhauer hələ 1961-ci ildə hərbi-sənaye kompleksinin yaratdığı təhlükələr barədə xəbərdarlıq edib. O, müdafiə sənayesi ilə Konqres arasındakı əlaqənin iqtisadiyyatı hərbi xərclərdən asılı vəziyyətə sala biləcəyini vurğulayıb.
Ritterin sözlərinə görə, NATO-nun fəaliyyətini davam etdirməsi müdafiə sənayesinin maliyyələşdirilməsinə haqq qazandırmaq üçün dövlətləri daim düşmən axtarmağa məcbur edir. Nəticədə ölkələr ya hərbi münaqişələrdə iştirak edir, ya da onlara hazırlaşırlar.
O, Avropa ölkələrinin Rusiyaya qarşı siyasətini də alyansın mövcudluğunu əsaslandırmaq cəhdi ilə əlaqələndirib. Ritter hesab edir ki, NATO-nun diqqətinin Ukraynaya yönəlməsi də bununla bağlıdır.
Qeyd edək ki, Ritter daha əvvəl ABŞ NATO-dan çıxacağı təqdirdə alyansın strateji əhəmiyyətini itirəcəyini iddia edib.
10:40 22.11.2026
Oxunuş sayı: 123