Avstraliyadan ABŞ-nin hesabatına sərt cavab: AUKUS razılaşmasından geri çəkilmək niyyətində deyil
Avstraliya ABŞ-nin nüvə enerjisi ilə işləyən sualtı qayıqların Kanberraya təhvil verilməsini nəzərdə tutan AUKUS razılaşmasının Amerika Hərbi Dəniz Qüvvələrini zəiflədə biləcəyi ilə bağlı xəbərdarlığını rədd edib. Kanberra hesab edir ki, razılaşmanın ABŞ-nin hərbi imkanlarına mənfi təsiri ilə bağlı narahatlıqlar əsassızdır.
Crossmedia.az xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marles ABŞ Konqresinin Büdcə Ofisinin hesabatına münasibət bildirərkən bu qiymətləndirmələrlə razılaşmadığını deyib.
Məlumata görə, ABŞ Konqresinin Büdcə Ofisi cümə günü açıqladığı hesabatda Avstraliyaya nüvə enerjisi ilə işləyən sualtı qayıqların satılmasının ABŞ-nin onsuz da istehsal çətinlikləri yaşayan gəmiqayırma sənayesinə əlavə yük yaradacağını bildirib. Hesabatda qeyd olunub ki, Avstraliyaya veriləcək sualtı qayıqların əvəzlənməsi ABŞ Hərbi Dəniz Qüvvələrinin imkanlarını uzun illər məhdudlaşdıra bilər.
Riçard Marles isə bu narahatlıqları qəbul etməyərək ABŞ-də sualtı qayıq istehsalının artdığını vurğulayıb. O, qarşıdakı onillikdə bu mövzuda oxşar hesabatların hazırlanacağını gözlədiyini bildirib.
Qeyd edək ki, 2021-ci ildə ABŞ, Böyük Britaniya və Avstraliya arasında yaradılan AUKUS təhlükəsizlik tərəfdaşlığı çərçivəsində nüvə enerjisi ilə işləyən sualtı qayıqların hazırlanması və Avstraliya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur. Razılaşmaya əsasən, ABŞ və Böyük Britaniyanın sualtı qayıqları 2027-ci ildən Avstraliyada rotasiya əsasında yerləşdirilməli, Kanberra isə 2030-cu illərin əvvəlində ABŞ-dən ilk nüvə sualtı qayığını almalıdır.
Marles, həmçinin ABŞ Prezidenti Donald Trampın Amerika texnologiya şirkətlərinin xarici ölkələrdə süni intellekt məlumat mərkəzləri qurmasına qarşı mövqeyinə münasibət bildirib. Nazir belə infrastrukturun Avstraliyada yaradılmasının ABŞ-nin də təhlükəsizlik maraqlarına xidmət edə biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, bütün məlumat mərkəzlərinin yalnız ABŞ-də yerləşməsi müəyyən təhlükəsizlik zəiflikləri yarada bilər. Bununla belə, Avstraliya bu sahədə investisiyaların istənilən şərtlərlə deyil, ölkənin milli maraqları çərçivəsində həyata keçirilməsini istəyir.
14:28 22.11.2026
Oxunuş sayı: 102