Çexiya Aİ-nin büdcə layihəsini qəbuledilməz hesab edir
Çexiyanın Baş naziri Andrey Babiş Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üçün hazırlanan büdcə layihəsini ölkəsi üçün tamamilə qəbuledilməz hesab edir.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Baş nazir sosial şəbəkədəki video müraciətində bildirib ki, Aİ-nin büdcə layihəsi çərçivəsində Çexiyaya ayrılan vəsaitin 7,5 milyard kron (təxminən 300 milyon avro) azaldılması nəzərdə tutulur.
Babiş Aİ büdcəsində Avropa Parlamentinə və digər qurumlara ayrılan xərcləri, eləcə də Ukraynanın maliyyələşdirilməsi planlarını tənqid edib. O bildirib ki, Ukraynaya dəstək Aİ-nin ümumi büdcəsindən deyil, başqa maliyyə mənbələri hesabına həyata keçirilməlidir. Çünki bu büdcə üzv dövlətlərin ehtiyacları üçün nəzərdə tutulub.
Qeyd edək ki, Avropa Şurasının Prezidenti Antonio Koşta noyabrın 21-də Aİ-nin 2028–2034-cü illər üçün yenilənmiş büdcə layihəsini təqdim edib. Avropa Komissiyasının ilkin təklifi ilə müqayisədə xərclərin 204 milyard avro azaldılması nəzərdə tutulur. İrlandiya isə xərclərin əlavə olaraq 32 milyard avro azaldılmasını təklif edib.
15:25 22.11.2026
Oxunuş sayı: 80