Süni intellektlə imtahanda kütləvi saxtakarlıq: Cənubi Koreyanın təhsil naziri istefa verir
Cənubi Koreyada süni intellektdən istifadə etməklə imtahanlarda saxtakarlıq hallarının qarşısını almaq məqsədilə tətbiq edilən yeni qaydalar ciddi narazılığa səbəb olub. Yaranmış qarışıqlığa görə ölkənin təhsil naziri Çve Kyo Cin istefa vermək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Çve Kyo Cin istefasını imtahan ərəfəsində son anda qəbul edilən dəyişikliklərin iştirakçılar və ictimaiyyət arasında narahatlıq yaratması ilə əsaslandırıb. O bildirib ki, nazirliyin imtahana əvvəlcədən lazımi səviyyədə hazırlaşmaması ilə bağlı tənqidlərdən kənarda qala bilməz.
Məlumata əsasən, Cənubi Koreyada hər il keçirilən ali məktəblərə qəbul imtahanında 551 min 864 namizəd iştirak etmək üçün qeydiyyatdan keçib. İmtahan ölkə üzrə 1312 mərkəzdə təşkil olunub. Səlahiyyətli qurumlar imtahan zamanı elektron cihazlardan istifadə ilə bağlı təxminən 100 qayda pozuntusu aşkarlayıb.
Hökumət qaydaları pozan şəxslərin 10 ilədək müddətə yenidən imtahan verməsini qadağan etməyi, saxtakarlıq halları barədə məlumat verən şəxslərə isə 100 milyon vonadək (75 min dollar) mükafat ödəməyi planlaşdırır.
Qeyd edək ki, qalmaqalın genişlənməsinə süni intellektdən istifadə edərək hüquq fakültələrinə qəbul imtahanında yüksək nəticə əldə etməkdə ittiham olunan 32 yaşlı şəxslə bağlı hadisə də təsir göstərib. Seul Milli Universitetinin stomatologiya fakültəsinin tələbəsi Li Cin U imtahan günü Seulun şərqindəki moteldə ölü tapılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
13:42 22.11.2026
Oxunuş sayı: 113