Antalyada iqlim konfransının yekun sənədi ilə bağlı razılıq əldə olunmayıb
Türkiyənin təklif etdiyi kompromis variantı iştirakçıların bir hissəsi tərəfindən dəstəklənmədiyi üçün Antalyada keçirilən BMT-nin iqlim konfransında yekun sənəd üzrə razılıq əldə olunmayıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim naziri, konfransın sədri Murat Kurum bu barədə “TRT Haber” telekanalına açıqlama verib.
Nazir bildirib ki, yekun qətnamə layihəsinin razılaşdırılmış mətni şənbə günü axşam tərəflərə təqdim edilib. Onun sözlərinə görə, qərar konfransın Baş Şurasından asılıdır və yeni sənəd layihəsi hazırlanmayacaq.
Kurum yekun plenar iclasda çıxışı zamanı sənəd üzrə konsensusun olmadığını təsdiqləyib. O qeyd edib ki, iştirakçılar arasında layihəyə qarşı çıxan tərəflər var və bu səbəbdən hər hansı qərar qəbul edilməyib.
Türkiyə və Avstraliyanın təklif etdiyi 94 bəndlik yekun bəyannamədə qlobal temperatur artımının 1,5 dərəcəlik həddi aşması təhlükəsi, 2035-ci ilədək dünya enerji balansında elektrik enerjisinin payının 35 faizə çatdırılması, bərpaolunan enerji mənbələrinin inkişafı və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün yardım göstərilməsi nəzərdə tutulub.
Lakin sənədin son variantından maliyyələşmənin həcmi ilə bağlı müddəa çıxarılıb. Əvvəlki müzakirələrdə bu məqsədlə ildə 120 milyard dollar vəsait ayrılması məsələsi gündəmə gətirilmişdi.
“Oksijen” qəzetinin məlumatına görə, Avropa İttifaqının bir neçə üzvü də daxil olmaqla, 11 ölkə qalıq yanacaqlardan mərhələli imtinanın sənəddə əks olunmamasına görə bəyannaməni imzalamaqdan imtina edib.
Qeyd edək ki, 102 ölkənin lider və nümayəndələrinin iştirakı ilə keçirilən konfrans noyabrın 9-da başlayıb və noyabrın 20-də başa çatmalı idi. Yekun sənədin razılaşdırılmaması səbəbindən tədbirin müddəti uzadılıb.
Konfransda kömür, neft və qazdan mərhələli imtina ilə bağlı birbaşa çağırış və öhdəliklərin sənəddə yer almaması əsas fikir ayrılıqlarından biri olub. Yekun layihədə yalnız Dubayda keçirilən COP28 çərçivəsində əldə edilmiş qalıq yanacaqlardan keçidlə bağlı razılaşmaya istinad edilib.
18:03 22.11.2026
Oxunuş sayı: 41