Fransada prezidentliyə namizədlərə nüvə silahı ilə bağlı məxfi obyekt göstəriləcək
Fransa 2027-ci il prezident seçkilərində iştirak edəcək namizədləri ölkənin ali baş komandanı vəzifəsini icra etməyə əvvəlcədən hazırlamaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, “Le Parisien” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votren bütün prezidentliyə namizədlərin ölkənin müdafiəsinə görə məsuliyyət daşımağa hazırlanmasını təklif edib. Bu çərçivədə onlara nüvə çəkindirmə sisteminə aid məxfi obyektlərdən birinə baş çəkmək imkanı yaradılacaq.
Qəzetin yazdığına görə, namizədlərə yaxın günlərdə məlumat paketləri göndəriləcək. Paketlərə Fransanın strateji konsepsiyası, hərbi planlaşdırma haqqında qanunun surəti, həmçinin Prezident Emmanuel Makronun nüvə çəkindirməsi ilə bağlı çıxışları və digər materiallar daxil ediləcək.
2027-ci ilin yanvarından etibarən namizədlər hərbi sirr statusu daşıyan obyektlərə baş çəkə biləcəklər. Bunların arasında Brest şəhəri yaxınlığındakı İle-Lonq sualtı qayıq bazası və Taveri şəhərindəki strateji hava qüvvələrinin idarəetmə mərkəzinin olması ehtimal edilir. Ziyarətə açıq obyektlərin yekun siyahısı hələ hazırlanır.
Ketrin Votrenin sözlərinə görə, obyektlərə səfərdən əvvəl namizədlər Silahlı Qüvvələrin Baş Qərargahının generalı tərəfindən təlimatlandırılmalıdır. Bundan sonra onlara hərbçilərlə ünsiyyət qurmağa icazə veriləcək. Lakin nüvə çəkindirmə sistemi ilə bağlı obyektlərə səfərlər barədə ictimaiyyətə açıqlama vermək qadağan olunacaq.
Digər hərbi obyektlərə səfərlərlə bağlı isə namizədlər ictimaiyyət və media ilə məhdud çərçivədə danışa biləcəklər.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-nə planlaşdırılıb. Namizədlərdən heç biri 50 faizdən çox səs toplamazsa, ən çox səs qazanan iki namizəd mayın 2-də keçiriləcək ikinci turda mübarizə aparacaq.
17:15 22.11.2026
Oxunuş sayı: 40