Gürcüstan surroqat analığı qadağan etməyə hazırlaşır
Gürcüstan hakimiyyəti insan alveri və qadınların istismarı risklərini əsas gətirərək ölkədə surroqat analığın qadağan edilməsini planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın “InterPressNews” agentliyi məlumat yayıb.
Hakim “Gürcü Arzusu” Partiyasının liderlərindən biri İrakli Kirtsxaliyanın sözlərinə görə, müvafiq qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim ediləcək. Təşəbbüslə bağlı Gürcüstan Pravoslav Kilsəsi ilə də müzakirələr aparılır.
Kirtsxaliya qərarın əsas səbəbi kimi surroqat analıqla bağlı ciddi etik və hüquqi riskləri göstərib. Bunlara insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması daxildir.
O bildirib ki, Gürcüstanda surroqat anaların xidmətlərindən istifadə edənlərin təxminən 98 faizi əcnəbilərdir. Ölkə vətəndaşlarının payı isə cəmi 2 faiz təşkil edir.
Partiya nümayəndəsi qadağanın ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini də etiraf edib. Bununla belə, onun fikrincə, maliyyə gəlirləri qadınlar və uşaqlar üçün yaranan risklərə haqq qazandıra bilməz.
Kirtsxaliya əlavə edib ki, hakimiyyət ekstrakorporal mayalanma (EKO) prosedurunu qadağan etməyi planlaşdırmır. Bu tibbi xidmət əvvəlki şərtlərlə əlçatan qalacaq.
18:45 22.11.2026
Oxunuş sayı: 32