Dörd ölkə Qərbə qarşı yeni güc mərkəzi yaradır – “The Economist”
Rusiya, Çin, İran və Şimali Koreya arasında hərbi və texnoloji əməkdaşlıq getdikcə genişlənir. Dörd avtoritar ölkə silah, texnologiya, kəşfiyyat məlumatları və hərbi təcrübə mübadiləsi aparmaqla yanaşı, Qərbin sanksiyalarından yayınmaq üçün alternativ şəbəkələr yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Economist” nəşrinin araşdırmasında bildirilib.
Araşdırmaya görə, bu əməkdaşlıq artıq Avropa, Asiya və Yaxın Şərqdə qüvvələr balansına təsir göstərir.
Nəşr əməkdaşlığın əsas istiqamətlərindən biri kimi pilotsuz uçuş aparatlarının istehsalını göstərib. Rusiyanın reaktiv mühərrikli “Geran-4” pilotsuz uçuş aparatı dörd ölkənin birgə fəaliyyətinin nümunəsi hesab olunur. İran Rusiyaya mühəndislər göndərir, Çin texniki mütəxəssislər və hərbi dəstək verir. Şimali Koreya isə Ukraynaya qarşı müharibədə Rusiyaya silah və digər yardımlar müqabilində pilotsuz uçuş aparatları sahəsində texnologiya və təcrübə əldə edir.
Araşdırmada Şimali Koreyanın KN-23 raketlərinin təkmilləşdirilməsinə də diqqət çəkilib. Bildirilir ki, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi ilk KN-23 raketləri tez-tez hədəfdən yayınır və ya havada partlayırdı. Sonradan Rusiya mühəndisləri onların dəqiqliyini və manevr imkanlarını artırıblar. Əldə olunan təkmilləşdirmələrin Şimali Koreyaya da ötürüldüyü ehtimal edilir.
Bundan başqa, Moskvanın Pekinə raket hücumu barədə xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsində və daha səssiz nüvə sualtı qayıqlarının hazırlanmasında kömək etdiyi bildirilir. Rusiya və Çin, həmçinin Şimali Koreyanın nüvə potensialının gücləndirilməsinə töhfə verirlər.
Çin isə Rusiyanın Ukraynadakı hərbi təcrübəsini, xüsusilə pilotsuz uçuş aparatlarından istifadə üsullarını öyrənir. Pekinin bu təcrübəni mümkün Tayvan münaqişəsinə hazırlıq baxımından araşdırdığı qeyd olunur. Bunun müqabilində Rusiya Çindən elektron komponentlər və müxtəlif texniki avadanlıqlar əldə edir.
“The Economist”in araşdırmasına əsasən, Qərbin sanksiyalarından yayınma mexanizmləri də genişlənir. Qərb istehsalı olan komponentlər vasitəçilər, əsasən də Çin və Honkonq üzərindən Rusiya və İran silahlarına daxil olur. Eyni zamanda, dollar sistemindən kənar ticarət aparmaq üçün alternativ maliyyə infrastrukturu yaradılır.
Amerikanın FDD analitik mərkəzinin hesablamalarına görə, 2019–2025-ci illərdə bu dörd ölkə arasında təhlükəsizlik sahəsində 600-dən çox əməkdaşlıq halı qeydə alınıb. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra bu əlaqələr daha da intensivləşib.
Bununla belə, nəşr hesab edir ki, sözügedən əməkdaşlığı hələlik NATO ilə müqayisə etmək olmaz. Çünki ölkələrin vahid hərbi komandanlığı və bir-birini müdafiə etmək öhdəliyi yoxdur. Üstəlik, onların bəzi maraqları bir-biri ilə ziddiyyət təşkil edir. Məsələn, Çin Yaxın Şərqdə sabitlikdə və ucuz neft tədarükündə maraqlı olduğu halda, Rusiyaya qeyri-sabitlik və yüksək neft qiymətləri sərf edə bilər.
"The Economist”in gəldiyi əsas nəticə budur ki, bu dörd ölkə arasında tamhüquqlu hərbi ittifaq olmasa da, qarşılıqlı dəstək onların imkanlarını artırır. Bu isə Qərbin həmin dövlətlərin hər birini ayrı-ayrılıqda cilovlamasını çətinləşdirir. Nəşr Qərbin bu əməkdaşlığa qarşı hələlik effektiv və vahid cavab strategiyasının olmadığını vurğulayır.
21:12 22.11.2026
Oxunuş sayı: 42