Hörmüz boğazındakı gərginlik dünya enerji bazarına təsir edə bilər
Hörmüz boğazında gəmi hərəkətinin intensivliyi bir həftə ərzində 15 faiz azalıb. Tankerlərə edilən hücumlar beynəlxalq dəniz daşımalarında təhlükəsizlik risklərini artırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-dən 18-dək Hörmüz boğazından 263 gəmi keçib. Halbuki əvvəlki həftə bu göstərici 308 olub.
Məlumata görə, hazırda boğazdan keçən gəmilərin sayı münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə təxminən 65 faiz azdır. Hərəkət edən gəmilərin təxminən yarısı enerji daşıyıcıları nəql edir.
UKMTO bir həftə ərzində tankerlərə qarşı altı hücumu təsdiqləyib. Onlardan dördü birbaşa Hörmüz boğazında, ikisi isə Fars körfəzində baş verib. İki gəminin köməyə ehtiyacı olub. Gəmilərin batması barədə məlumat verilməsə də, digər hücumların nəticələri hələ tam məlum deyil.
Qeyd olunur ki, Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əsas marşrutlarından biridir. Gəmilərə hücumlar nəticəsində yaranan zədələr onların təmirdə qalmasına, sığorta və daşınma xərclərinin artmasına səbəb ola bilər.
Ekspertlərin qiymətləndirməsinə görə, təhlükəsizlik risklərinin davam etməsi beynəlxalq enerji bazarında qiymətlərə də təsir göstərə bilər. Bu baxımdan, əsas təhlükə boğazın tam bağlanmasından çox, dəniz ticarətinin tədricən zəifləməsidir.
21:06 22.11.2026
Oxunuş sayı: 35