ABŞ-də Pentaqonun müharibə ilə bağlı məlumatları gizlətdiyi iddia olunub
ABŞ administrasiyasının İrana qarşı hərbi əməliyyatın insan itkisi və maliyyə xərcləri ilə bağlı real miqyasını Konqresdən və ictimaiyyətdən gizlətməyə çalışdığı iddia olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabr ayında Konnektikut ştatından demokrat senator Kris Mörfi Fars körfəzi regionuna səfəri zamanı ABŞ Hərbi Hava Qüvvələrinin İrana qarşı əməliyyatlarda istifadə etdiyi Əl-Udeyd aviabazasına baş çəkmək üçün icazə istəyib.
Senator hərbi obyektlərə baxış keçirmək və ya zərərin miqyasını, təmir xərclərini qiymətləndirməyə imkan verəcək brifinqdə iştirak etmək istəyib. Lakin Pentaqon onun müraciətini rədd edib.
Nəşr bildirir ki, oxşar vəziyyət Ayova ştatından respublikaçı senator, Silahlı Qüvvələr Komitəsinin üzvü Coni Ernstlə də yaşanıb. Ona da hərbi bazalara səfərin mümkün olmadığı bildirilib.
“The Atlantic” yazır ki, Pentaqon rəhbəri Pit Heqset müharibənin ilk günlərindən Konqres üzvlərinin Yaxın Şərqə səfərlərinin təşkilinə dəstək verilməməsi barədə göstəriş verib.
Müəllifin tanış olduğu, Heqset tərəfindən martın 3-də imzalanmış xidməti qeyddə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına Konqres üzvlərinin səfərlərinə yalnız nazirin razılığı ilə dəstək göstərilə biləcəyi qeyd olunub.
Nəşrin məlumatına görə, senatorların səfərləri zamanı hərbi əməliyyatın aktiv mərhələsi artıq başa çatsa da, Pentaqonun məhdudiyyətləri qüvvədə qalıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-də İranla müharibənin 2029-cu ilə qədər davam edə biləcəyi ehtimalı da gündəmə gətirilmişdi.
19:57 22.11.2026
Oxunuş sayı: 40