Qurban Qurbanov Gəncə stadionunu Avropa arenaları ilə müqayisə edib
"Qarabağ" komandası "Kəpəz"lə oyunda özünü Avropa stadionunda olduğu kimi hiss edib.
Crossmedia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda "Kəpəz"lə keçirilən heç-heçə başa çatan oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Gəncədəki futbol atmosferini yüksək qiymətləndirərək ev sahibi komandaya təşəkkür edib:
"Gəncədə olan futbol atmosferinə görə ev sahiblərinə təşəkkür edirəm. Özümüzü Avropa stadionunda hiss edirdik. Futbolçularıma da təşəkkür edirəm. Həqiqətən, çox yaxşı çıxış etdilər. "Kəpəz" məğlub olmaq istəmirdi. Komandalar bizə qarşı hər zaman ciddi hazırlaşırlar. Bu, "Qarabağ"ın gücündən xəbər verir. Bu işdə daha yaxşı və məsuliyyətli olmalıyıq. Geriyə addım atmaq olmaz. Daha da güclənəcəyik".
O, Gəncə stadionunda azarkeş mədəniyyətinin olduğunu dilə gətirib: "Bu cür atmosferdə çıxış etmək çox çətin idi. Azarkeşlər çox mədəni görünürdülər. Meydanda heç bir təhqir və nalayiq sözlər eşitmədik. Bu arenada hər zaman azarkeş rekordları qırılıb. Xüsusi ilə "Qarabağ"la matçlarda çox azarkeş toplaşır".
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə başa çatıb.(Report)
19:28 22.11.2026
Oxunuş sayı: 47