Lavrov Almaniya və Britaniya müdafiə nazirlərinin açıqlamalarını sərt tənqid edib
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya uzaqmənzilli silahlarla Rusiyanın ərazisinə zərbələr endirilməsini dəstəkləyən açıqlamalarından sonra ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli rəsmisi Elbric Kolbidən üzr istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, noyabrın 17-də Brüsseldə NATO-nun mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Pentaqonun siyasət məsələləri üzrə nazir müavini Elbric Kolbi Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli zərbələrini tənqid edib. O, belə hücumların müharibənin başa çatmasına kömək etmədiyini bildirib və iclası vaxtından əvvəl tərk edib.
Həmin gün Pistorius mətbuat konfransında Kolbinin mövqeyini bölüşmədiyini deyərək onun fikirlərini sərt şəkildə tənqid edib. Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq də Ukraynanın hərbi əməliyyatlarla bağlı qərarlarına müdaxilə edilməməli olduğunu bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə hər iki nazirin açıqlamalarını tənqid edərək onların “qeyri-adekvat vəziyyətdə” olduqlarını söyləyib.
Noyabrın 18-də Pistorius Kolbi ilə telefon danışığı zamanı istifadə etdiyi ifadələrə görə üzr istəyib. O, ingilis dilində sualı cavablandırarkən sözləri düzgün seçmədiyini etiraf edib. Bununla belə, Almaniya müdafiə naziri Ukraynanın Rusiya ərazisinə zərbələri ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev isə Pistoriusun üzrxahlığını şərh edərək bunu ABŞ qarşısında geri çəkilmə kimi qiymətləndirib.
“Politico”nun yazdığına görə, bu hadisə ABŞ və Avropa ölkələri arasında Ukrayna məsələsi ilə bağlı fikir ayrılıqlarının artdığı bir dövrə təsadüf edir. Vaşinqton Avropa müttəfiqlərinin öz müdafiələri üçün daha böyük məsuliyyət daşımasını istəyir. Almaniya isə ABŞ-nin hərbi dəstəyinin qorunmasında maraqlıdır.
19:37 22.11.2026
Oxunuş sayı: 53