ABŞ-nin ilk prezidentinin saçından bir tel 4 min dollara satılıb
ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun saçından bir tel hərracda 4 min dollara satılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, Vaşinqtona məxsus saç teli “Richmond Auctions” hərrac evi tərəfindən satışa çıxarılıb. Tarixi eksponat diametri təxminən 23 santimetr olan, şüşə ilə örtülmüş, qızıl suyuna çəkilmiş dairəvi taxta çərçivədə saxlanılıb. Alıcının kimliyi açıqlanmayıb.
Bildirilir ki, saç telinin ilk sahibi 1799-cu ildə Vaşinqtonu şam yeməyinə dəvət etmiş Con Qedsbi olub. Onlar dostluq münasibətində olublar. Qedsbi 1798 və 1799-cu illərdə prezidentin doğum günü münasibətilə onun şərəfinə tədbirlər də təşkil edib.
Daha sonra Qedsbinin nəslindən olan şəxslər bu tarixi əşyanı tanınmış kolleksiyaçı Con Lattimerə satıblar.
Qedsbinin nəvəsi Culiya Ten Eyck Makbler 1928-ci ildə verdiyi yazılı ifadədə babasının Vaşinqtonun həyatının son günlərindəki dostluq münasibətlərinə görə saç telini əldə etdiyini qeyd edib.
Qeyd edək ki, bu, Vaşinqtonun saçlarının hərracda ilk satışı deyil. 2021-ci ildə onun üç saç teli olan medalyon təxminən 40 min dollara alıcı tapıb.
Tarixən saç tellərinin xatirə kimi saxlanılması, xüsusilə XIX əsrdə varlı ailələr arasında geniş yayılmış ənənə olub.
19:49 22.11.2026
Oxunuş sayı: 50