Qara dənizdə hərbi təyinatlı yük daşıyan gəmi vurulub
Rusiya Silahlı Qüvvələri Qara dənizin Nikolayev şəhərinin cənub-qərbində yerləşən akvatoriyasında Ukrayna ordusu üçün ikili təyinatlı yüklər daşıyan quru yük gəmisinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, hücuma məruz qalan gəmi Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan ikili təyinatlı yüklər daşıyıb.
Bundan əlavə, Rusiya hərbi qüvvələrinin Dnepropetrovsk vilayətinin Kamenskoye yaşayış məntəqəsində yerləşən 330 kilovoltluq elektrik yarımstansiyasına da zərbə endirdiyi bildirilib. Nazirliyin iddiasına görə, həmin yarımstansiya Ukraynanın hərbi sənaye müəssisələrinin fəaliyyətini təmin edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi noyabrın 22-də Ukraynanın neft emalı zavodlarından birinin ərazisindəki obyektlərə, iki elektrik yarımstansiyasına və məlumatların emalı mərkəzinə də pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini açıqlamışdı.
20:18 22.11.2026
Oxunuş sayı: 42