Avropa ABŞ-nin Ukrayna ilə bağlı planından narahatdır – Politico
Avropa ölkələrində Ukraynaya müharibədən sonra real təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı ehtiyatlı nikbinlik yaranıb. Bununla belə, avropalı müttəfiqlər belə bir razılaşmanın Rusiya ilə hansı güzəştlər hesabına əldə ediləcəyindən narahatdırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-nin təklifi Ukraynanın avropalı müttəfiqləri arasında müəyyən ümid yaradıb. Onlar Vaşinqtonun müharibə başa çatdıqdan sonra Rusiyanın mümkün yeni hücumundan Kiyevi qorumaq üçün real təminatlar verməyə hazır olduğunu düşünürlər.
Təhlükəsizlik zəmanətləri NATO-nun 5-ci maddəsi prinsipi əsasında işləyərsə, Rusiyanın Ukraynaya yenidən hücumu ABŞ ilə birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər. Lakin Vaşinqtonun üzərinə hansı konkret öhdəlikləri götürəcəyi və bu çərçivədə Ukraynada Amerika hərbçilərinin yerləşdirilməsinin nəzərdə tutulub-tutulmadığı hələ məlum deyil.
Fransa Prezidenti Emmanuel Makronun ətrafında hesab edirlər ki, belə təminatlar mahiyyət etibarilə Ukraynanın NATO-ya üzvlüyü ilə eyni nəticəni verməlidir. Ukrayna Prezidenti Volodimir Zelenski də təklif olunan modelin mahiyyətinin açıqlanmasını istəyib. O, ABŞ-nin Ukraynada öz hərbi qüvvələrini və ya bazalarını yerləşdirməyə hazır olub-olmadığını soruşub.
Bununla yanaşı, Avropa ölkələri təhlükəsizlik vədlərinin həddindən artıq böyük güzəştlər hesabına əldə olunacağından ehtiyat edirlər. “Politico” xatırladır ki, ABŞ tərəfi daha əvvəl Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü müqabilində bütün Donbas ərazisini Rusiyaya verməyə hazır olub-olmadığını araşdırıb. Bu isə Rusiya ordusunun hərbi yolla tam ələ keçirə bilmədiyi ərazilərin Moskvaya güzəştə gedilməsi demək olardı.
Digər narahatlıq isə Moskva ilə mümkün genişmiqyaslı razılaşma çərçivəsində NATO qüvvələrinin Şərqi Avropadakı mövcudluğuna məhdudiyyətlərin müzakirə edilə bilməsidir. Belə bir addım Rusiyaya bütövlükdə regionun təhlükəsizlik sisteminə təsir göstərmək imkanı verə bilər.
Xüsusilə Polşa, Baltikyanı və Şimali Avropa ölkələri Vaşinqtonun təkliflərinə ehtiyatla yanaşırlar.
Bununla belə, Avropa rəsmiləri son danışıqlarda ABŞ-nin Ukraynanı razılaşmaya zorla razı salmağa çalışmadığını bildirirlər. Diplomatların gözləntilərinə görə, Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin növbəti görüşü Şükranlıq Günündən sonra Əbu-Dabidə keçirilə bilər.
Nəşr qeyd edir ki, əsas qeyri-müəyyənlik ABŞ-də mühüm qərarların şəxsən Donald Tramp tərəfindən qəbul edilməsidir. Onun Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri də Avropa ölkələrində əlavə narahatlıq yaradır
21:36 22.11.2026
Oxunuş sayı: 51