Aİ rəhbərliyində Ursula fon der Lyayen və Kaya Kallas arasında qarşıdurma yaşanıb
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında səlahiyyət bölgüsü və siyasi təsir uğrunda fikir ayrılıqlarının dərinləşdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS-ın siyasi şərhçisi Andrey Nizamutdinovun analitik məqaləsində qeyd olunub.
Məqalədə bildirilir ki, tərəflər arasında narazılığın əsas səbəblərindən biri Ukrayna ilə bağlı siyasət, Avropa İttifaqının xarici əlaqələri və maliyyə resurslarına nəzarət məsələləridir.
Müəllifin yazdığına görə, Kallas Avropanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün danışıqlarda təmsil olunmasında əsas fiqur olmaq istəyib. Lakin Dublində keçirilən qeyri-rəsmi sammitdə formalaşdırılan danışıqlar qrupuna onun daxil edilmədiyi bildirilir.
Məqalədə, həmçinin Almaniyanın Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa Komissiyasına birləşdirilməsini dəstəklədiyi, Fransanın isə bu təşəbbüsə qarşı çıxdığı qeyd olunur.
TASS müəllifinin qənaətinə görə, Brüsseldəki fikir ayrılıqları Avropa İttifaqının xarici siyasət strukturunda mümkün islahatlarla bağlı müzakirələri də çətinləşdirir.
00:07 23.11.2026
Oxunuş sayı: 37