“The Guardian”: Avropada siyasi dəyişikliklər Aİ-ni iflic edə bilər
Avropa ölkələrində qarşıdakı aylarda keçiriləcək seçkilərin nəticələri Avropa İttifaqının inteqrasiya proseslərini və Ukraynaya göstərilən yardımı ciddi şəkildə ləngidə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
Nəşrin məlumatına görə, İspaniya, İtaliya, Polşa və Fransa da daxil olmaqla, Avropanın bir sıra ölkələrində mühüm seçkilər keçiriləcək. 2027-ci ildə İtaliya, Polşa, Yunanıstan, Slovakiya, Finlandiya və Estoniyada parlament seçkiləri, Fransada isə prezident seçkiləri gözlənilir. Almaniyada da regional seçkilər keçiriləcək.
“The Guardian”ın yazdığına görə, İspaniyada Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi sosialist koalisiyası mühafizəkar Xalq Partiyası və sağçı “Vox” partiyası qarşısında mövqelərini itirə bilər. Fransada isə sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penin siyasi mövqelərinin gücləndiyi bildirilir.
Polşada Baş nazir Donald Tuskun liberal koalisiyası sağçı və millətçi qüvvələrin təzyiqi ilə üzləşir. İtaliyada isə Baş nazir Corcia Meloni ikinci müddətə seçilmək niyyətindədir.
Nəşr hesab edir ki, iqtisadi artımın zəifləməsi, əhalinin yaşlanması, dövlət maliyyəsindəki çətinliklər və yaşayış xərclərinin artması ənənəvi siyasi partiyalara ictimai dəstəyi azaldır, millətçi və ifrat sağçı qüvvələrin mövqelərini gücləndirir.
Məqalədə qeyd olunur ki, bu siyasi dəyişikliklər Aİ-nin büdcəsi ilə bağlı danışıqları, qurumun genişlənməsi planlarını, Ukraynaya yardımı, eləcə də müdafiə, energetika, maliyyə və texnologiya sahələrində inteqrasiyanı çətinləşdirə bilər.
İtaliyalı politoloq Natali Tokçinin fikrincə, qarşıdakı seçkilər Avropanın siyasi mənzərəsini köklü şəkildə dəyişə bilər.
00:17 23.11.2026
Oxunuş sayı: 34