220 il əvvəlki iqtisadi blokada: Avropa tarixdən dərs çıxarmayıb?
Avropanın iqtisadi sanksiyalar və ticarət məhdudiyyətləri siyasəti tarixdə oxşar nəticələrə səbəb olmuş hadisələri yenidən gündəmə gətirir. 220 il əvvəl Napoleon Bonapartın Böyük Britaniyaya qarşı tətbiq etdiyi kontinental blokada Avropa iqtisadiyyatını ciddi böhranla üz-üzə qoymuşdu.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS-da tarixçi Aleksey Volınetsin analitik məqaləsində qeyd olunub.
Müəllifin yazdığına görə, 1806-cı il noyabrın 21-də Napoleon Berlin dekretini imzalayaraq Britaniya adaları ilə bütün ticarət və əlaqələri qadağan edib. Məqsəd Böyük Britaniyanı hərbi deyil, iqtisadi yolla zəiflətmək olub.
Lakin bu qərar təkcə Britaniyaya deyil, Fransa və onun müttəfiqlərinin iqtisadiyyatına da ciddi zərbə vurub. Ticarət əlaqələrinin pozulması nəticəsində İngiltərənin ixracı azalıb, Fransada ticarət əməliyyatlarının sayı yarıbayarı düşüb, bəzi məhsulların qiymətləri kəskin bahalaşıb.
1807-ci ildə Rusiya imperiyası da Napoleonla Tilzit sülhünü imzaladıqdan sonra kontinental blokadaya qoşulmağa məcbur olub. Bununla belə, ticarət məhdudiyyətləri Rusiya iqtisadiyyatına da ciddi təsir göstərib. 1808-ci ildə ölkənin xarici ticarət dövriyyəsi təxminən iki dəfə azalıb.
Məqalədə qeyd olunur ki, Rusiya 1811-ci ildə faktiki olaraq blokadadan imtina edib və daxili bazarını qorumaq üçün gömrük tariflərini tətbiq edib.
Tarixçinin qənaətinə görə, Napoleonun iqtisadi blokada siyasəti qarşı tərəfi zəiflətmək əvəzinə Avropanın öz ticarətinə və iqtisadiyyatına da ciddi zərər vurub. Müəllif bu tarixi hadisələri müasir Avropanın sanksiya siyasəti ilə müqayisə edir.
00:11 23.11.2026
Oxunuş sayı: 42