Hindistanda “Meta”ya qarşı etirazlar keçirilib, şirkətə 7 gün vaxt verilib
Hindistanda müxalifət Hindistan Milli Konqres Partiyasının gənclər qanadına məxsus “Instagram” hesablarının bloklanmasına görə ABŞ-nin texnologiya şirkəti “Meta”ya qarşı etiraz aksiyaları keçirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” Agentliyinin məlumatına görə, Konqres Partiyasının gənclər qanadının üzvləri cümə günü Heydərabad və Mumbay şəhərlərində “Meta”nın ofisləri qarşısında etiraz ediblər.
Etirazçılar şirkəti Hindistan Konstitusiyasına hörmət etməyə və hakim Bharatiya Canata Partiyasının (BJP) göstərişlərinə tabe olmamağa çağırıblar.
Partiyanın bəyanatında bildirilib ki, noyabrın 19-da hakim BJP-nin göstərişi ilə gənclər qanadının rəhbərinin və bu quruma nəzarət edən partiya rəsmisinin “Instagram” hesabları qanunsuz şəkildə məhdudlaşdırılıb.
Bununla əlaqədar olaraq, Konqres Partiyasının gənclər qanadı “Meta”ya yeddi günlük ultimatum verib. Şirkətdən müxalifət nümayəndələrinin, jurnalistlərin və kontent yaradıcılarının fəaliyyətinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması tələb olunub.
“Meta” məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Hakim BJP-nin milli sözçüsü Pradeep Bhandari isə Konqres Partiyasının üzvlərini şirkətin ofisinə hücum etməkdə ittiham edib. O, Heydərabaddakı ofisin dağıdıldığını və bunun sosial şəbəkələrdə nümayiş etdirildiyini iddia edib.
Bhandari “X” sosial şəbəkəsindəki paylaşımında Konqres Partiyasının bu hərəkətlərini tənqid edərək, şirkətlərin ofislərinə hücum etməyin partiyanın fəaliyyət modelini əks etdirdiyini bildirib.
23:00 22.11.2026
Oxunuş sayı: 42