Roblox oyununda uşaqları hədəf alan yeni təhlükə
Roblox oyununda uşaqları aldatmaq üçün dələduzların ən çox istifadə etdiyi üsul fişinq səhifələridir.
Crossmedia.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, fişinq səhifələrinin hazır şablonları qaranlıq internetdə (Darknet) əlçatandır. Bu şablonlar arasında Roblox-un rəsmi saytının saxta kopyalarından tutmuş, başqalarının hesablarını sındırmaq və VIP serverlərə daxil olmaq vəd edən saxta xidmətlərə qədər müxtəlif variantlar var.
Dələduzlar hazır şablonlardan birini seçərək oğurlanan məlumatların avtomatik göndərilməsi üçün Discord ünvanını sistemə əlavə edirlər.
Ekspertlərin bildirdiyinə görə, belə səhifələrin keçidləri oyun çatlarında, Discord serverlərində və bloqerlərin paylaşımlarına yazılan şərhlərdə yayılır. Dələduzluq sxemi aşkarlandıqda isə cinayətkarlar yazışmaları silirlər.
Qeyd edək ki, 2025-ci ildə Rusiyada uşaqlara qarşı həyata keçirilən dələduzluq hücumları nəticəsində təxminən 850 milyon rubl əldə edilib. İl ərzində 6 mindən çox belə hadisə qeydə alınıb. Bu hallarda dələduzlar sosial mühəndislik üsullarından istifadə edərək azyaşlıları valideynlərinin bank hesablarından pul oğurlamağa yönəldiblər.
02:00 23.11.2026
Oxunuş sayı: 33