Oyuncaq seçərkən diqqətli olun - övladınızın həyatı ilə oynamayın
Körpələr üçün oyuncaq seçimi uşağın yaşına və inkişaf mərhələsinə uyğunluqla yanaşı, təhlükəsizlik meyarlarını da nəzərə almağı tələb edir. Pediatrlar xüsusilə kiçik və asanlıqla qopan hissələrin boğulma riski yaratdığını, düymə batareyaları və güclü maqnitlərin isə udulduqda ciddi xəsarətlərə səbəb ola biləcəyini bildirirlər.
Bu baxımdan oyuncaq alarkən üzərindəki yaş göstəricisinin, xəbərdarlıqların və məhsulun möhkəmliyinin yoxlanılması vacib hesab olunur. Xüsusilə körpələrdə oyuncağın ağıza aparılması ehtimalı yüksək olduğundan, seçim zamanı yalnız əyləncə və inkişaf xüsusiyyətləri deyil, mümkün təhlükələr də əsas meyar kimi qiymətləndirilməlidir.
Crossmedia.az-a açıqlamasında pediatr Aidə Əliyeva valideynlərin uşaqlar üçün oyuncaq seçərkən üç əsas məqama diqqət etməli olduğunu bildirib.

“Uşaqlar üçün oyuncaq təkcə əyləncə vasitəsi deyil, həm də inkişaf metodudur. Görmə, motor, fiziki və psixomotor inkişafda böyük rolu var. Ona görə oyuncaq seçərkən mütləq üç məqama fikir verməliyik. Birincisi, təhlükəsizlikdir. Hər yaş qrupuna uyğun oyuncaqlar var və onların xırda detallarına diqqət etmək lazımdır. Çünki uşaqlarda yad cismin tənəffüs yollarına düşməsi halları ilə tez-tez rastlaşırıq və bu, boğulmaya səbəb ola bilər”.
Pediatr ikinci əsas məqam kimi oyuncağın kimyəvi tərkibinə diqqət yetirməyin vacibliyini vurğulayıb. “Oyuncağın keyfiyyətli plastikdən və keyfiyyətli rezindən hazırlanmasına diqqət etmək lazımdır. Rəngi çıxmamalıdır. Bəzən baha oyuncaq alırıq, amma tərkibinə görə uşağı zəhərləyə bilər. Ona görə oyuncağın materialı və kimyəvi tərkibi mütləq nəzərə alınmalıdır”.
Aidə Əliyevanın sözlərinə görə, oyuncaqlar uşaqlarda infeksiyaların yayılmasına da səbəb ola bilər. “Uşaqlarda infeksiya mənbələrindən biri də oyuncaqlardır. Çünki uşaqlar onları ağızlarına salırlar, valideynlər isə vaxtlı-vaxtında oyuncaqları silmir və yumurlar. Xüsusən toz yığan yumşaq oyuncaqlar bu baxımdan risklidir. Onlardan uşaqlarda müxtəlif infeksiyalar, o cümlədən göz infeksiyaları və konyunktivit yarana bilər. Hətta uşaq dəri infeksiyasına da yoluxa bilər”.
“Buna görə oyuncaq seçərkən onun təhlükəsizliyinə, kimyəvi tərkibinə və gigiyenasına mütləq diqqət etmək lazımdır”, - deyə pediatr əlavə edib.
Nigar Xəlilli
20:20 08.10.2026
Oxunuş sayı: 56