ChatGPT uşaqlar üçün qadağan edilir - Yeni qərar
Süni intellekt alətlərindən, xüsusilə ChatGPT-dən uşaqlar və yeniyetmələr arasında istifadənin sürətlə artması bir sıra ölkələrdə yaş məhdudiyyətləri və valideyn nəzarəti məsələsini gündəmə gətirib. Xaricdə azyaşlıların süni intellekt platformalarından istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif yanaşmaların ortaya çıxması əsasən uşaqların yanlış məlumatlara yönəlməsi, texnologiyadan asılılığın formalaşması və şəxsi qərarlarını süni intellektin cavabları əsasında verməsi ilə bağlı narahatlıqlardan qaynaqlanır. Bu yanaşma eyni zamanda uşaqların rəqəmsal mühitdə qorunması ilə texnologiyaya çıxış imkanları arasında balansın necə qurulmalı olduğu sualını da ortaya qoyur.
Azərbaycanda da yeniyetmələrin internetdə təhlükəli məzmundan qorunması və valideyn nəzarətinin gücləndirilməsi məsələləri müzakirə olunur. Bunun fonunda ChatGPT və digər süni intellekt alətlərindən azyaşlıların istifadəsinə ayrıca məhdudiyyətlərin tətbiq edilib-edilməməsi məsələsi aktuallaşır. Bəs xarici ölkələrdə bu istiqamətdə atılan addımları necə qiymətləndirmək olar və Azərbaycanda da uşaqların süni intellektdən istifadəsinin təhlükəsizliyi üçün əlavə tədbirlərə ehtiyac varmı?
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellektdən, xüsusilə ChatGPT-dən asılılığın yaranması yeniyetmələr üçün ciddi risklər yarada bilər:

"Bu gün dünyada yalnız ChatGPT deyil, sosial şəbəkələrin də uşaqlar və yeniyetmələr arasında yaratdığı asılılıqla bağlı narahatlıqlar artır. Müxtəlif ölkələrdə uşaqların sosial platformalardan istifadəsinin məhdudlaşdırılması ilə bağlı hüquqi addımların atılması və Azərbaycanda da valideyn nəzarətinin gücləndirilməsi istiqamətində proqramların hazırlanması bu təhlükələrin ciddiliyini göstərir".
Hüseyn İbrahimov bildirib ki, uşaqlar böyüklərin davranışlarını nümunə götürdükləri üçün valideynlərin süni intellektdən istifadə forması da onların davranışına təsir edir: “Yeniyetmələr dərslərlə bağlı məsələlərdən tutmuş gündəlik qərarlara qədər müxtəlif suallarla ChatGPT-yə müraciət edir və bəzən əldə etdikləri cavabları düşünmədən tətbiq edirlər. Düşünürəm ki, əgər onlayn asılılıq təhlükəlidirsə, bu onlayn asılılığın daha bir yeni forması olan ChatGPT-dən asılılığın artması da olduqca təhlükəli bir tendensiyadır. Çünki burada artıq həmin proqram — ChatGPT insanlar və yeniyetmələr üçün real addımlar atmaq üçün tövsiyələr verir. Bu tövsiyələr təbii ki, yanlış ola bilər, həyat üçün təhlükə yarada bilər. Ona görə də düşünürəm ki, bu hal ailə institutunun daxilinə çox ciddi mənfi təsirlər göstərə bilər. Bunun qarşısını almaq üçün ChatGPT-dən istifadəyə yaş məhdudiyyəti qoyulmalıdır. Yeniyetmələr ChatGPT-dən istifadə etmək hüququna malik olmamalıdırlar. Bu hüquq yalnız yetkinlik yaşına çatmış şəxslərə həvalə olunmalıdır”.
Zeynəb Həsən
18:00 08.10.2026
Oxunuş sayı: 50