Artıq evinizin qiymətini siz yox süni intellekt müəyyənləşdirir
Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində rəqəmsal texnologiyaların tətbiqi prosesi sürətlənir. Azərbaycanda artıq süni intellekt dəstəkli əmlak qiymətləndirmə xidməti istifadəyə verilib və sistem mənzil, torpaq sahəsi, yaşayış və qeyri-yaşayış obyektləri üzrə təxmini bazar qiymətini elektron qaydada hesablamağa imkan verir.
Bununla yanaşı, Azərbaycan Qiymətləndiricilər Palatası da qiymətləndirmə fəaliyyətində süni intellekt əsaslı avtomatlaşdırılmış modulların tətbiqini nəzərdə tutur. Böyük həcmli məlumatların emalı, bazar göstəricilərinin təhlili və qiymətləndirmə prosesinin sürətləndirilməsi bu texnologiyanın sektorda rolunu artırır.
Crossmedia.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev süni intellektin əmlak bazarında qiymətlərin müəyyənləşdirilməsinə dəstək ola biləcəyini, lakin hər bir əmlakın dəqiq bazar dəyərini müəyyən etmək üçün peşəkar qiymətləndirməyə ehtiyac olduğunu bildirib:

“Azərbaycanda əvvəllər Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti var idi və daha sonra, 2023-cü ilin sonunda Azərbaycan Qiymətləndiricilər Palatası formalaşdı. Qiymətləndiricilər Palatasının üzvləri, istər hüquqi şirkət, istərsə də fiziki şəxs olsun, Dövlət İmtahan Mərkəzində imtahan verirlər. Burada müxtəlif sahələrlə bağlı ayrı-ayrı imtahanlar keçirilir. Daşınar və daşınmaz əmlakların, təsərrüfatların və digər sahələrin qiymətləndirilməsi üzrə imtahanlar var. İmtahan sualları kifayət qədər çətindir və imtahandan keçərək lisenziya alan şəxslər yalnız Qiymətləndiricilər Palatasının üzvü olduqdan sonra qiymətləndirmə rəyləri verə bilərlər. Bu baxımdan qiymətləndirmə sahəsində qeyri-peşəkar şəxslərin fəaliyyəti məhdudlaşır”.
Ekspertin sözlərinə görə, süni intellekt əsasən internet resurslarından əldə etdiyi məlumatlar əsasında qiymət təqdim edə bilər. “Süni intellekt bütün qiymətləri, ümumiyyətlə, internet resurslarından əldə edir və həmin qiymətləri vətəndaşlara təqdim edə bilər. Amma ümumən qiymətləndirmə sahəsi belədir ki, süni intellekt hər hansı bir binada bir mənzilin qiymətini deyə bilər. Eyni ümumi və otaq sahəsinə malik mənzillər belə bir binada müxtəlif qiymətlərə satıla bilər. Bu, mənzilin mərtəbəsindən, ümumi sahəsindən, panoramasından, yəni baxış istiqamətindən, cənuba və ya şimala baxmasından asılı olaraq dəyişir. Qiymətlər arasında təxminən 15-20 faizə qədər fərq ola bilər”.
Elnur Fərzəliyev qeyd edib ki, süni intellekt daha çox ərazi və ya bina üzrə ümumi qiymət müəyyənləşdirə bilər. “Hər bir binada müxtəlif mərtəbələr və müxtəlif bloklar olduğuna görə qiymətlərdə ciddi fərqlilik və dəyişkənliklər var. Təbii ki, süni intellektin əksər məlumatlarla bağlı dəstəyi çoxdur. Amma vətəndaşlar dəqiq qiymət istəyirlərsə, bu zaman qiymətləndiricilərə və ya həmin ərazidə işləyən peşəkar rieltorlara müraciət edərək alacaqları əmlakın dəqiq bazar dəyərini müəyyən edə bilərlər”.
Ekspert vurğulayıb ki, bu yanaşma həm çoxmənzilli yaşayış binalarına, həm də fərdi yaşayış evlərinə aiddir. “Fərdi yaşayış evlərində əmlakın bazar dəyərini müəyyən edən əsas amillərdən biri torpaq sahəsidir. Torpaq sahələri də yerləşməsinə, küçəsinə, mərkəzi yolda və ya içəri yolda olmasına, kommunikasiyaların olub-olmamasına görə kəskin qiymət fərqlərinə malikdir. Eyni ərazidə yerləşən torpaq sahələrinin belə müqayisəli qiymətləri arasında dəfələrlə fərq ola bilər”.
“Bu baxımdan süni intellekt ümumi qiymət göstəricisi təqdim edə bilər, amma həmin əmlakın dəqiq bazar dəyərini yalnız qiymətləndiricilər və həmin ərazidə işləyən peşəkar rieltorlar tam dəqiq müəyyən edə bilərlər”, - deyə Elnur Fərzəliyev əlavə edib.
Nigar Xəlilli
17:45 08.10.2026
Oxunuş sayı: 87