Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıqdan iqtisadi və nəqliyyat əməkdaşlığına doğru
Azərbaycan Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə və Vyetnama rəsmi səfəri çərçivəsində keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Müsahibədə siyasi dialoqun tarixi əsasları, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat-logistika, investisiya, təhsil və humanitar əməkdaşlıq məsələləri əhatəli şəkildə təqdim olunub. “Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar” söyləyən dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Vyetnamla humanitar münasibətlərin də dinamik inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Vyetnama səfərinin mahiyyətini və gözləntilərini isə belə ifadə “Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik”. Dövlət başçısının sözlərindən də göründüyü kimi, səfərin əhəmiyyəti yalnız diplomatik münasibətlərin inkişafı ilə məhdudlaşmır. Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan Vyetnamla Azərbaycanın Cənubi Qafqazda formalaşmış nəqliyyat, logistika və enerji imkanlarının əlaqələndirilməsi yeni iqtisadi əməkdaşlıq istiqamətləri yarada bilər.
Ümumiyyətlə, tarixi inkişaf mərhələlərinə nəzər saldıqda aydın olur ki, Azərbaycanla Vyetnam arasında münasibətlərin təxminən 70 illik tarixi var. İki ölkə arasında münasibətlərin inkişafında 1959-cu ildə Vyetnamın dövlət xadimi Ho Şi Minin Bakıya səfəri və 1983-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri mühüm əhəmiyyət təşkil edib.
Prezident İlham Əliyev də, səfər öncəsi, Vyetnam xəbər agentliyinə müsahibəsində də bu tarixi əlaqələri xatırladaraq, həmin səfər zamanı əldə olunmuş razılaşmaların Vyetnam iqtisadiy-yatının inkişafına və uzunmüddətli əməkdaşlığın formalaşmasına töhfə verdiyini vurğulayıb.
2014-cü ildə İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Sanın Azərbaycana səfəri münasibətlərin dinamikasına öz töhfəsini verib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə yeni mərhələnin başlanğıcı olub. Həmin səfər zamanı qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat ikitərəfli münasibətlərin institusional və siyasi əsaslarını daha da möhkəmləndirib. Bu baxımdan, 2026-cı ilin noyabrında Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri 2025-ci ildə müəyyənləşdirilmiş strateji tərəfdaşlıq xəttinin konkret iqtisadi və praktiki əməkdaşlıq layihələri ilə zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlətr başçısının da qeyd etdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu göstərici əməkdaşlığın inkişaf etdiyini göstərsə də, hər iki ölkənin iqtisadi potensialı ilə müqayisədə genişlənmə imkanlarının hələ kifayət qədər böyük olduğunu ortaya qoyur. Vyetnamın sənaye, elektronika, tekstil, kənd təsərrüfatı və istehlak malları isteh-salında mövqeyi, Azərbaycanın isə enerji, nəqliyyat, logistika və regional ticarət infrastrukturu sahəsində imkanları qarşılıqlı iqtisadi maraqların formalaşması üçün əlverişli zəmin yaradır.
Bütün bunlarla yanaşı, 2025-ci ildə imzalanmış anlaşmalar neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı və xam neft təchizatı istiqamətlərini əhatə edir. Bu baxımdan da, xüsusilə SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın dərinləşdirilməsi strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Vyetnamın ROX Group şirkətinin Azərbaycan bazarına marağıdır. Şirkət tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrində iştirak imkanlarını nəzərdən keçirir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bu şirkətlə müvafiq sənədlərin imzalanması investisiya əməkdaşlığının konkret müstəviyə keçdiyini göstərir.
Nəqliyyat və logistika: Azərbaycanın Asiya–Avropa əlaqələrində yeni imkanları
Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer ayırdığı məsələlərdən biri də nəqliyyat və logistika əməkdaşlığıdır. Bu istiqamət Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin ən perspek-tivli sahələrindən biri kimi qiymətləndirilə bilər. Qeyd edildiyi kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu dinamika Vyetnam yüklərinin Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması imkanlarına marağın artdığını göstərir. Burada iki əsas nəqliyyat istiqaməti diqqət mərkəzindədir:
Orta Dəhliz: Vyetnamdan Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya çıxışı təmin edə bilər.
Şimal-Cənub nəqliyyat dəhlizi: Azərbaycan ərazisindən istifadə etməklə Asiya ilə Şimali Avropa və digər bazarlar arasında alternativ logistika əlaqələrinin inkişafı.
Onu da qeyd edək ki, Vyetnam üçün Azərbaycanın əhəmiyyəti, yalnız tranzit ölkə kimi çıxış etməsi ilə məhdud-laşmır. Azərbaycan liman, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturunu birləşdirən logistika platforması kimi Vyetnam şirkətlərinin Avropa və daha geniş Avrasiya bazarlarına çıxışını asanlaşdıra bilər. Bununla yanaşı, əməkdaşlığın real iqtisadi nəticələr verməsi üçün müntəzəm konteyner daşımalarının təşkili, tariflərin rəqabətqabiliyyətli olması, yükdaşı-maların müddətinin azaldılması, rəqəmsal gömrük prosedurlarının tətbiqi və logistika zəncirinin vahid koordinasiyası vacibdir.
Vyetnam Baş naziri Le Min Hunqla 20 noyabr 2026-cı ildə keçirilən görüşdə də nəqliyyat-tranzit-logistika məsələləri əsas müzakirə istiqamətlərindən olub. Müzakirələrdə Mərkəzi Asiya və Transxəzər nəqliyyat-logistika dəhlizi vasitəsilə dəmir yolu əlaqələrinin inkişaf etdirilməsi razılaşdırılıb, eləcə də tərəflər həmçinin hava əlaqələrinin asanlaşdırılmasına dair əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Vyetnamda imzalanmış sənədlər: strateji tərəfdaşlığın praktiki mexanizmləri
Əvvəldə də qeyd edildiyi kimi, iki ölkə arasında münasibətlər çoxillik tarixə malik olsalar da, Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələnin hüquqi və institusional əsaslarını 7 may 2025-ci ildə Bakıda imzalanmış sənədlər təşkil edir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev və To Lamın iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat qəbul edilib və əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlər mübadilə olunub. 2026-cı il səfərinin əsas nəticələri daha çox mövcud razılaşmaların həyata keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi kimi təqdim olunur.
Energetika, günəş və külək enerjisi, ədliyyə, neft-qaz, texnologiya, innovasiya və inkişaf, mədəniyyət, arxdiv işi, media, sahibkarlığın inkişafı sahəsində imzalanan sənədlər iqtisadi əməkdaşlığın, yalnız hökumətlərarası razılaşmalarla məhdudlaşmadığını, həm də şirkətlər, sahibkarlıq subyektləri, elm və təhsil müəssisələri, informasiya agentlikləri arasında əlaqələrin qurulmasına yönəldiyini göstərir. Xüsusilə, Birgə Biznes Şurasının yaradılması sahibkarların qarşılıqlı investisiya imkanları barədə məlumat əldə etməsi, tərəfdaş axtarışı və birgə layihələrin hazırlanması baxımından əhəmiyyətlidir və bu mexanizm ticarət dövriyyəsinin artırılması üçün institusional vasitə rolunu oynaya bilər.
Dövlət başçısının da vurğuladığı kimi, ikitərəfli münasibətlərin digər mühüm istiqaməti humanitar və təhsil əlaqələridir. Hələ sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbay-canda təhsil alıb və bu göstərici iki xalq arasında tarixi əlaqələrin formalaşmasında Azərbaycan təhsil sisteminin rolunu nümayiş etdirir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil proqramlarına dəstək və humanitar təşəbbüslər də əməkdaşlığın sosial əsaslarını genişləndirir.
Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, Prezident İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində həyata keçirilən rəsmi səfər Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görünən odur ki, Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətləri artıq daha geniş iqtisadi və strateji əməkdaşlıq platformasına çevrilməkdədir. 2025-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi və müxtəlif sahələr üzrə sənədlərin imzalanması bu münasibətlərin institusional əsaslarını formalaşdırıb. 2026-cı il səfəri isə həmin razılaşmaların praktiki nəticələrə çevrilməsi üçün yeni imkanlar yaradıb.
Azərbaycan üçün Vyetnam Cənub-Şərqi Asiya bazarlarına çıxış, investisiyaların cəlb edilməsi, sənaye və enerji əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli tərəfdaşdır. Vyetnam üçün isə Azərbaycan Avropa və Asiya arasında yerləşən mühüm nəqliyyat-logistika qovşağı, enerji təchizatçısı və regional iqtisadi əməkdaşlıq platforması kimi çıxış edə bilər. Xüsusilə, Vyetnamın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanlarının genişləndiril-məsi, SOCAR–PetroVietnam əməkdaşlığının konkret layihələrlə zənginləşdirilməsi və qarşılıqlı investisiyaların artırılması gələcək münasibətlərin iqtisadi məzmununu müəyyən edə bilər. Bu isə belə deməyə əsas verir ki, Azərbaycan-Vyetnam münasibətlərinin növbəti mərhələsində əsas məsələ mövcud siyasi etimadın, imzalanmış sənədlərin və iqtisadi potensialın konkret investisiya layihələrinə, artan ticarət dövriyyəsinə və davamlı nəqliyyat əlaqələrinə çevrilməsi olacaqdır.
10:44 21.11.2026
Oxunuş sayı: 42