Bu saat insanın qeyri-iradi hərəkətlərini azalda bilir
Böyük Britaniyanın Nottingem Universitetinin alimləri Turett sindromundan əziyyət çəkən insanlarda qeyri-iradi hərəkətləri azaltmağa kömək edən saatabənzər cihaz hazırlayıblar.
Crossmedia.az xəbər verir ki, Nottingem Universiteti bu barədə məlumat yayıb.
“Neupulse C” adlı cihaz biləyə taxılır və xüsusi gel elektrodları vasitəsilə bilək nahiyəsində yerləşən orta sinirə zəif elektrik impulsları ötürür. Bu impulslar beyində qeyri-iradi hərəkətlərlə əlaqəli sinir fəaliyyətinin tənzimlənməsinə kömək edir.
Klinik sınaqların nəticələrinə əsasən, cihaz Turett sindromu olan şəxslərdə qeyri-iradi hərəkətlərin və səslərin tezliyini, eləcə də intensivliyini əhəmiyyətli dərəcədə azalda bilir.
Cihazdan istifadə edən bəzi şəxslər yuxu keyfiyyətlərinin yaxşılaşdığını, məktəbə qayıda bildiklərini və ictimai yerlərdə özlərini daha rahat hiss etdiklərini bildiriblər.
Məlumata görə, indiyədək cihazın minlərlə ədədi sağlamlıq və rahatlıq məqsədli məhsul kimi satılıb. Hazırda istehsalçılar onun tibbi cihaz kimi rəsmi təsdiqini almaq və Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) vasitəsilə istifadəsini təmin etmək üzərində çalışırlar.
Bununla yanaşı, tədqiqatçılar texnologiyanın funksional nevroloji pozuntular, Parkinson xəstəliyi, obsessiv-kompulsiv pozuntu və ağır təşviş hallarının yüngülləşdirilməsində mümkün təsirlərini də araşdırırlar.
Mütəxəssislər bildirirlər ki, ilkin nəticələr ümidverici olsa da, cihazın müxtəlif nevroloji xəstəliklərin müalicəsində effektivliyini təsdiqləmək üçün əlavə klinik tədqiqatlara ehtiyac var.
02:00 21.11.2026
Oxunuş sayı: 35