Rusiya, ABŞ, Çin liderlərinin sammiti: Bu oyunda kim uduzdu, kim uddu?
Dünya siyasətində gərginliyin artdığı, Rusiya-Ukrayna müharibəsinin və ABŞ-İran qarşıdurmasının beynəlxalq təhlükəsizliyə ciddi təsir göstərdiyi bir vaxtda ABŞ, Rusiya və Çin liderlərinin Çinin Şençjen şəhərində keçirilən üçtərəfli sammitdə birgə sülh bəyannaməsi qəbul etdikləri barədə məlumat yayılıb. Dünyanın ən böyük güc mərkəzlərinin eyni masa arxasında bir araya gələrək sülh naminə ortaq mövqe nümayiş etdirməsi ilk baxışdan ümidverici mənzərə yaradır. Lakin böyük dövlətlərin geosiyasi maraqları və rəqabəti fonunda bu bəyanatın real nəticələr doğuracağı, yoxsa sadəcə diplomatik görüntü xarakteri daşıyacağı sual doğurur.
Dünyanın aparıcı güclərinin qəbul etdiyi sülh bəyannaməsi qlobal münaqişələrin həllində yeni mərhələnin başlanğıcı ola bilərmi? Yoxsa bu görüş sadəcə beynəlxalq ictimaiyyətə diplomatik irəliləyiş görüntüsü yaratmaq və sammitin nəticəsiz qalmadığını göstərmək məqsədi daşıyır? Böyük dövlətlərin maraqları toqquşduğu bir şəraitdə həqiqətən sülh dolu dünya qurmaq mümkündürmü?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aqşin Kərimov qeyd edib ki, liderlərin üçtərəfli bəyanatında Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran münaqişəsi konkret şəkildə ifadə olunmasa da, sənəd gələcəkdə Vaşinqton, Moskva və Pekinin qlobal proseslərə necə yanaşacağı barədə müəyyən təsəvvür yaradır: “Bəyannamə, eyni zamanda, liderlərin münaqişələrin nizamlanmasında ortaq maraqlar formalaşdırmaq niyyətini və siyasi iradəsini nümayiş etdirir. Lakin bu razılaşmanın gələcəkdə ABŞ-Çin-Rusiya üçbucağında hər hansı birgə tənzimləmə mexanizminin praktiki şəkildə formalaşmasına gətirib çıxarıb-çıxarmayacağı hələ də açıq sualdır. Bəyannamə cəmi dörd bənddən ibarətdir və hər bir bənddə ayrı-ayrı dövlətlərin maraqları ön plana çıxır. Çin əsasən nüvə silahlarının azaldılması məsələsinə diqqət yetirir. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin hüquqi prosedurlarından kənarda qalmağa imkan verən toxunulmazlıq hüququ əldə etməyə çalışır və ABŞ də bu istiqamətdə ona dəstək verir. Vaşinqton isə üzləşdiyi geosiyasi çətinliklər fonunda ABŞ, Çin və Rusiya arasında koordinasiya mexanizmlərinin yaradılması üçün diplomatik və siyasi zəmin formalaşdırmağa çalışır. Bu görüş müəyyən mənada presedentdir. Liderlərin əldə etdiyi razılaşma gələcəkdə də belə görüşlərin keçirilməsi ehtimalını artırır. Bu isə o deməkdir ki, yeni dünya nizamının aparıcı güc mərkəzlərindən birinə çevrilən Çin regional və qlobal münaqişələrə təsir imkanlarını genişləndirir. Pekin üçün bu, geoiqtisadi gücdən geosiyasi və təhlükəsizlik müstəvisinə transformasiya deməkdir. Əslində, görüş və qəbul edilən bəyannamə Vaşinqton və Moskvanın Çinin həyata keçirdiyi siyasətlə hesablaşmasının göstəricisi kimi də qiymətləndirilə bilər”.
Politoloq qeyd edib ki, həmin görüşdə ən əlverişli mövqedə dayanan tərəfin Çin olduğu görünür: “Rusiya Ukrayna ilə müharibə fonunda qarşıya qoyduğu maksimalist məqsədlərə nail ola bilmədiyindən geosiyasi itkilərlə üzləşir. Belə bir şəraitdə Moskvanın yeni diplomatik və siyasi kanallar axtararaq mövcud itkilərini kompensasiya etməyə çalışdığı müşahidə olunur. Birləşmiş Ştatlar isə İranla münaqişə çərçivəsində qarşıya qoyduğu məqsədləri tam şəkildə həyata keçirə bilmədiyindən regionda yeni təhlükəsizlik dilemmaları və mürəkkəb geosiyasi tənliklərlə üzləşir. Çin isə daha təmkinli və strateji mövqedən çıxış edərək baş verən proseslər fonunda öz geosiyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırmağa nail olub. Bu baxımdan, üçtərəfli bəyannamədə proseslərə təsir göstərmək və müəyyən mənada gündəliyi formalaşdırmaq baxımından ən əlverişli mövqedə Çinin dayandığı qənaəti yaranır. Çin lideri də diplomatik və siyasi vasitələrlə bu mövqeyi nümayiş etdirməyə çalışdı. Rusiya isə ABŞ və Çinlə birlikdə bərabərhüquqlu qlobal güc statusunu qoruduğunu və beynəlxalq proseslərdə söz sahibi olduğunu göstərməyə çalışır. Bununla yanaşı, gələcəkdə Ukrayna ilə bağlı məsələlərdə geosiyasi təsir zonalarının hansı prinsiplər əsasında müəyyənləşdiriləcəyi də açıq qalan suallardandır. Müharibənin sonrakı gedişatı bu məsələlərə müəyyən aydınlıq gətirəcək. Rusiya Ukrayna ilə müharibədə bütün məqsədlərinə nail olmasa da, müəyyən ərazi qazancları əldə edib. Kiyevin isə manevr imkanları getdikcə daralır. Xüsusilə ABŞ tərəfindən maliyyə və hərbi yardımın azalması və ya məhdudlaşdırılması Ukrayna üçün əlavə çətinliklər yaradır”.
Ayhan
20:02 20.11.2026
Oxunuş sayı: 118