ABŞ-də UNO-larla bağlı məxfi sənədlər üzə çıxıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı yeni məxfi sənədlər paketini açıqlayıb. Sənədlərdə 1947–1952-ci illər ərzində bu cür obyektlərin müşahidəsi ilə bağlı təxminən 1500 müraciətin qeydə alındığı bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin xüsusi portalında dərc olunan materiallarda məlumat verilib.
1952-ci ilin oktyabrına aid Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatına əsasən, 1947-ci ildən etibarən UNO-larla bağlı təxminən 1500 rəsmi məlumat daxil olub. Bununla yanaşı, çoxsaylı məktublar, telefon zəngləri və mediada yayımlanan məlumatlar da qeydə alınıb.
Sənədlərdə qeyd olunur ki, 1952-ci ilin iyulunda ABŞ-də UNO-larla bağlı 250 rəsmi məlumat qeydə alınıb. Hərbi Hava Qüvvələrinin qiymətləndirməsinə görə, daxil olan müraciətlərin təxminən 20 faizi izaholunmaz hesab edilib.
Qeyd edək ki, noyabrın 9-da ABŞ Prezidenti Donald Tramp hərbi pilotların uçuşlar zamanı yüksək sürətlə hərəkət edən naməlum uçan obyektlər gördüklərini bildirmişdi.
23:00 20.11.2026
Oxunuş sayı: 108