Yupiterin peykində həyat ehtimalını artıran YENİ KƏŞF
Astronomlar Yupiterin "Avropa" adlı peykinin ətrafındakı natrium buludunun mənbəyini müəyyənləşdiriblər. Araşdırma göstərib ki, bu maddə qonşu İo peykinin vulkanlarından deyil, "Avropa"nın səthinin altındakı duzlu okeandan qaynaqlanır.
Crossmedia.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Geophysical Research: Space Physics” elmi jurnalında dərc olunub.
Havaydakı Kek Rəsədxanasının müşahidələri nəticəsində" Avropa"nın ətrafında geniş natrium buludu aşkar edilib. Məlum olub ki, bulud peykdən təxminən 30 radius məsafəsinə qədər uzanır və şərq-qərb istiqamətində yayılır.
Alimləri təəccübləndirən əsas məqam buludun sabitliyidir. Çünki Yupiterin ətrafındakı plazma mühiti daim dəyişir, həmçinin yaxınlıqdakı İo peykinin güclü vulkanik fəaliyyəti kosmosa böyük miqdarda natrium buraxır.
Tədqiqatçılar uzun müddət İo vulkanlarından yayılan natriumun "Avropa"nın səthinə çökməsi ehtimalını araşdırıblar. Lakin yeni müşahidələr bu maddənin əsas mənbəyinin" Avropa"nın özündə yerləşən duzlu su olduğunu göstərib.
Boston Universitetinin tədqiqatçısı və araşdırmanın aparıcı müəllifi Emma Lovett bildirib ki, "Avropa"nın atmosferi onun buz örtüyünün altında gizlənən potensial yaşayış mühitini öyrənmək üçün mühüm məlumatlar verir.
Qeyd edək ki, Yupiterin "Avropa" peykinin buzlu səthinin altında nəhəng maye okeanın mövcud olduğu ehtimal edilir. Alimlər həmin okeanın kimyəvi tərkibini və mümkün həyat şəraitini öyrənməyə çalışırlar.
Tədqiqatın nəticələri "Avropa"nın səthindəki və yeraltı okeanındakı maddələrin kosmosa necə yayıldığını anlamaq baxımından əhəmiyyətli hesab olunur. Bununla belə, aşkarlanan natrium buludu peykdə həyatın mövcudluğunu birbaşa təsdiqləmir.
09:00 21.11.2026
Oxunuş sayı: 34