Qədim Roma quyularından DNT nümunələri tapılıb
Belçikada qədim Roma dövrünə aid quyulardan əldə edilən DNT nümunələri alimlərə təxminən 2 min il əvvəl mövcud olmuş yaşayış məntəqəsinin bioloji və ekoloji mənzərəsini bərpa etməyə imkan verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar Flandriya bölgəsində yerləşən Harlebeke şəhərindəki altı quyu və bir çuxurdan 31 çöküntü nümunəsi götürüblər.
Utrext Universitetindən Kadir Özdoğanın rəhbərlik etdiyi tədqiqat qrupu nümunələrin DNT analizini aparıb. Araşdırmalar nəticəsində 23 nümunədən yararlı genetik məlumat əldə edilib.
Metagenomik analiz 118 bioloji cins müəyyənləşdirib. Ənənəvi bioarxeoloji üsullarla aşkarlanan 122 taksonla birlikdə ümumi göstərici 179-a çatıb.
Tədqiqat zamanı ərazidə vaxtilə bitmiş bitkilər, o cümlədən süpürgəotu, göyrüş və qamış, həmçinin meşə siçanı, su siçanı və qurbağa kimi canlıların izləri aşkarlanıb.
Alimlər quyulardan birinin çöküntüsündə donuza aid demək olar ki, tam mitoxondrial genom da əldə ediblər. Genetik göstəricilər heyvanın Roma dövründən əvvəl Avropada mövcud olmuş ev donuzlarının mitoxondrial xəttinə aid olduğunu göstərib.
Araşdırmanın maraqlı nəticələrindən biri də qədim sakinlərin qidalanma vərdişləri ilə bağlı olub. Qida ilə əlaqəli müəyyən edilmiş 34 taksondan 22-si hələ Dəmir dövründən məlum olub. Yalnız altısı Roma dövründə meydana çıxan yeniliklərlə əlaqələndirilib.
Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr yerli qida ənənələrinin davamlılığını, eyni zamanda Roma dövründə ticarət və mübadilə əlaqələri vasitəsilə bəzi yeni məhsulların mənimsənildiyini göstərir.
Qeyd edək ki, araşdırmanın nəticələri "Research Gate" platformasında dərc olunub.
04:08 21.11.2026
Oxunuş sayı: 31