Dərsdə müəllimə baxmayan tələbələr cəzalandırıla bilər – Çində yeni sistem
Çində Nankin Universiteti tələbələrin dərs zamanı davranışlarını izləmək üçün 4,7 milyon dollar dəyərində süni intellekt əsaslı müşahidə sistemi tətbiq edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sistem universitetin 113 auditoriyasında quraşdırılan kameralar vasitəsilə tələbələrin dərsdə iştirakını qeydə almaqla yanaşı, onların başlarını nə qədər tez-tez qaldırdıqlarını və müəllimə baxıb-baxmadıqlarını da müəyyənləşdirmək üçün nəzərdə tutulub.
South China Morning Post nəşrinin məlumatına görə, tələbələr yeni sistemdən noyabrın əvvəlində xəbər tutublar. Onların sözlərinə əsasən, müəllimlər toplanan məlumatların qiymətləndirmələrə təsir göstərə biləcəyini bildiriblər. Hətta mühazirələri kifayət qədər diqqətlə dinləməyən tələbələrin imtahanlara buraxılmaya biləcəyi də iddia olunub.
Məlumatın sosial şəbəkələrdə yayılmasından sonra tələbələr arasında narazılıq yaranıb. Onlar daimi müşahidədən və biometrik məlumatlarının toplanması ehtimalından narahat olduqlarını bildiriblər.
Layihənin texniki sənədlərində üzlərin tanınması və auditoriyalardakı insanların sayının hesablanması funksiyalarının da yer aldığı qeyd olunub.
Yaranan etirazlardan sonra universitet rəhbərliyi açıqlama yayaraq kameraların tələbələrin başlarını nə qədər tez-tez qaldırdıqlarını qiymətləndirmək üçün istifadə edilməyəcəyini bildirib. Həmçinin universitet icazə olmadan biometrik məlumatların toplanmayacağını və üz tanıma texnologiyasından istifadə edilməyəcəyini vəd edib.
03:11 21.11.2026
Oxunuş sayı: 26