İran Hörmüz boğazını açmaq üçün ABŞ-yə şərt qoyub
İran Hörmüz boğazının yenidən açılması ilə bağlı ABŞ ilə danışıqlara hazır olduğunu açıqlayıb. Lakin Tehran bunun üçün Vaşinqtonun razılaşma əldə etməyə hazır olduğunu nümayiş etdirməsini tələb edir.
Crossmedia.az xəbər verir ki, İranın “Iran” qəzeti bu barədə məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi nəşrə müsahibəsində bildirib ki, Hörmüz boğazının açılması üçün Tehranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməlidir.
“Tələbimiz aydındır: Hörmüz boğazının açılması üçün irəli sürdüyümüz yeddi şərt yerinə yetirilməlidir. Əgər amerikalıların bu şərtlərin həyata keçirilməsi ilə bağlı öz təklifləri və yanaşmaları varsa, biz dialoqa hazırıq”, – deyə nazir vurğulayıb.
Əraqçinin sözlərinə görə, İran ABŞ ilə ekspertlər səviyyəsində danışıqlar aparmağa və boğazın açılması üzrə təklif etdiyi planın icra müddətini qısaltmağa hazırdır.
Nazir bildirib ki, Tehranın hazırkı iki günlük planına əsasən, ABŞ İranın tələblərini yerinə yetirərsə, Hörmüz boğazı ikinci gün gəmiçilik üçün açıla və danışıqlara başlanıla bilər.
Bununla belə, Əraqçi qeyd edib ki, İran hələlik Vaşinqtondan təqdim etdiyi təklifə cavab almayıb.
Tehran mümkün razılaşmanın davamlı olmasını və tərəflər arasında yeni hərbi qarşıdurmanın qarşısını almasını istəyir.
10:57 21.11.2026
Oxunuş sayı: 40