Azərbaycan ədəbiyyatı Frankfurtda təqdim olunur
Azərbaycanın qədim tarixi və zəngin ədəbi irsi 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində xüsusi milli stendlə təqdim olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Oktyabrın 7-dən 11-dək keçirilən sərgidə Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkənin ədəbi irsi müxtəlif kitab nümunələri vasitəsilə nümayiş etdirilir.
Sərgidə Azərbaycanın yazıçıları və nəşriyyat nümayəndələrindən ibarət geniş heyət iştirak edir. İlk gündən Azərbaycan stendi yerli və xarici ziyarətçilərin marağına səbəb olub.
Sərgi çərçivəsində Azərbaycan nəşriyyatlarının nümayəndələri ilə bir sıra ölkələrin nəşriyyat təmsilçiləri arasında müəllif hüquqları və əməkdaşlıq məsələləri üzrə görüşlər də keçirilib.
Oktyabrın 9-da isə “Global səhnə” təqdimat zonasında “Azərbaycan ədəbiyyatı xaricdə” mövzusunda panel müzakirəsi təşkil olunacaq. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının hədəflərinə uyğun keçiriləcək paneldə Azərbaycan ədəbiyyatının xaricdə nəşri və beynəlxalq auditoriyaya tanıdılması məsələləri müzakirə ediləcək.
Tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, eləcə də son illərdə Azərbaycan kitabının xaricdə tanıdılması istiqamətində görülən işlər barədə məlumat veriləcək. Paneldən sonra uşaq yazıçıları ilə imza saatı keçiriləcək.
Qeyd edək ki, builki Frankfurt Beynəlxalq Kitab Sərgisinin fəxri qonaq ölkəsi Çex Respublikasıdır.
13:49 08.10.2026
Oxunuş sayı: 62