Ətdən uzaq durun - xərçəng ola bilərsiniz
Son illərdə kolorektal xərçəngin daha gənc yaşlarda aşkarlanması tibb ictimaiyyətinin diqqətində olan məsələlərdən biridir. Xəstəliyin gənclər arasında artmasının dəqiq səbəbi isə hələ tam müəyyən edilməyib. Mütəxəssislər bunun bir deyil, bir neçə amilin birgə təsiri ilə əlaqəli ola biləcəyini düşünürlər. Genetik meyilliliklə yanaşı, həyat tərzi və qidalanma da risk faktorları arasında yer alır. Artıq çəki, fiziki passivlik, siqaret və alkoqol istifadəsi, eləcə də qeyri-sağlam qidalanma xəstəliyin yaranma ehtimalını artıra bilər. Eyni zamanda bağırsaq mikrobiomunda baş verən dəyişikliklər və xroniki iltihabın rolu da araşdırılır. Bəs gənc yaşlarda bağırsaq xərçənginin yaranmasına hansı amillər təsir edir və xəstəlikdən qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır?
Crossmedia.az-a açıqlamasında terapevt Zakir Quliyev bildirib ki, kolorektal xərçəngin gənclərdə artmasının dəqiq səbəbi hələ tam müəyyən edilməyib və bu tendensiya, ehtimal ki, bir neçə amilin birgə təsiri ilə bağlıdır.
"Ailə tarixçəsi, Lynch sindromu və ailəvi adenomatoz polipoz kimi irsi xəstəliklər riski artırsa da, gənc yaşda aşkarlanan halların böyük hissəsi yalnız genetika ilə izah olunmur. Artıq çəki, insulin müqaviməti, tip 2 diabet, bağırsağın xroniki iltihabi xəstəlikləri, siqaret, alkoqol, fiziki passivlik və uşaqlıqdan etibarən formalaşan qeyri-sağlam həyat tərzi mümkün amillər sırasındadır. Bağırsaq mikrobiomundakı dəyişikliklər, bəzi bakteriyaların yaratdığı toksinlər və xroniki iltihab da araşdırılır, lakin bunların xəstəliyin artımındakı dəqiq payını müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var".

Terapevt qeyd edib ki, qidalanma və həyat tərzi kolorektal xərçəng riskinə əhəmiyyətli təsir göstərir, amma təkbaşına xəstəliyin yaranacağını müəyyən etmir: "Emal edilmiş ətlərin, həddindən artıq qırmızı ətin, yüksək kalorili və lifsiz qidaların çox istehlakı; artıq çəki, az hərəkət, siqaret və alkoqol riski artıran amillərdir. Tərəvəz, meyvə, paxlalılar və tam taxıllarla zəngin qidalanma, sağlam çəkinin qorunması və müntəzəm fiziki aktivlik isə riski azaltmağa kömək edə bilər.
Bununla belə, sağlam yaşayan insanlarda da xəstəlik yarana bilər. Buna görə nəcisdə qan, davamlı bağırsaq vərdişi dəyişikliyi, səbəbsiz anemiya, qarın ağrısı və ya arıqlama kimi əlamətlər yaşdan asılı olmayaraq həkim tərəfindən qiymətləndirilməlidir".
Zeynəb Həsən
15:30 24.08.2026
Oxunuş sayı: 52