Valideynlərin diqqətinə: Uşaq sağlamlığını təhlükəyə atan iki yanlış addım
Uşaqların sağlam və hərtərəfli böyüməsində profilaktik tibbi müayinələr və vaxtında aparılan peyvəndləmə müstəsna rol oynayır. Lakin bir çox hallarda xəstəliklərin ilkin mərhələdə simptomsuz gedişatı və ya peyvəndlər haqqında yanlış məlumatlar valideynlərin düzgün addım atmasına mane olur. Uşaq sağlığının qorunmasında profilaktik müşahidənin əhəmiyyəti və peyvəndləmə ilə bağlı yanlış yanaşmalar ən aktual mövzulardandır.

Mövzu ilə bağlı pediatr Aytən Ziyadova Crossmedia.az-a açıqlama verib.
Mütəxəssis bildirib ki, uşaqlarda bir çox xəstəliklər ilk vaxtlarda hiss olunmadan irəliləyir:
"Uşaqlarda bir sıra xəstəliklər ilkin mərhələdə əlamətsiz inkişaf edir və valideynlər tərəfindən nəzərə çarpmır. Profilaktik müayinələr zamanı ən çox diqqət yetirilən problemlər arasında dəmir çatışmazlığı və qanazlığı, görmə və eşitmə pozuntuları, artıq çəki, qidalanma problemləri, duruş qüsurları və inkişaf ləngimələri var. Xüsusilə nitq, hərəkət və sosial ünsiyyət bacarıqlarının yaşa uyğun inkişaf etməsi vacibdir. Bu problemlərin erkən aşkarlanması vaxtında müdaxilə və gələcək ağırlaşmaların qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır".
A.Ziyadova peyvəndləmə zamanı ortaya çıxan valideyn tərəddüdlərinə və dezinformasiyaların təsirinə də toxunub:
"Peyvəndləmə zamanı valideynlərin əsas tərəddüdləri mümkün yan təsirlər, uşağın immun sisteminə təsir və sosial şəbəkələrdə yayılan yanlış məlumatlarla bağlıdır. Halbuki peyvəndlər uşaqları qızılca, göyöskürək, poliomielit kimi təhlükəli yoluxucu xəstəliklərdən qoruyan ən effektiv vasitələrdəndir. Valideynlərin narahatlıqları həkim tərəfindən izah edilməli, peyvəndləmə uşağın sağlamlıq vəziyyəti və milli peyvənd təqvimi nəzərə alınmaqla aparılmalıdır".
Pediatr-infeksionist sonda həkim müayinələrinin təxirə salınmasının kəskin fəsadlar doğura biləcəyini vurğulayıb:
"Təəssüf ki, bəzi valideynlər uşağın sağlam göründüyünü düşünərək profilaktik müayinələri təxirə salırlar. Bu isə xəstəliklərin və inkişaf problemlərinin gec aşkarlanmasına, müalicənin gecikməsinə və uşağın gələcək həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Peyvəndlərin gecikdirilməsi və ya onlardan imtina edilməsi də qarşısı alına bilən infeksiyalara yoluxma riskini artırır. Əsas məqsəd valideynləri maarifləndirməkdir. Profilaktik müayinə yalnız xəstəlik zamanı həkimə müraciət etmək deyil, uşağın sağlam böyüməsini və inkişafını təmin etmək üçün atılan vacib addımdır. Vaxtında müayinə, düzgün tibbi müşahidə və peyvənd təqviminə əməl etmək uşağın sağlam gələcəyinin əsas şərtlərindəndir".
Fatimə Cabbarlı
20:00 20.10.2026
Oxunuş sayı: 53