Yaddaş üçün ən faydalı qidalardan biri evinizdədir
Yumurta tərkibindəki xolin, omeqa-3 yağ turşuları, lutein, zeaksantin və zülal sayəsində beyin sağlamlığını dəstəkləyən qidalardan biri hesab olunur.
Crossmedia.az ˝Unian˝a istinadən xəbər verir.
Nevroloqlar bildirirlər ki, bir çox insan yalnız yumurtanın ağını yeyir, lakin bu zaman beynin fəaliyyəti üçün vacib olan bir sıra faydalı maddələr itirilir.
Mütəxəssislərin sözlərinə görə, yumurtadakı əsas maddələrdən biri xolindir. Orqanizm bu maddədən yaddaş, diqqət və öyrənmə proseslərində iştirak edən neyromediatorların hazırlanmasında istifadə edir. Xolin həmçinin sinir liflərini qoruyan örtüyün saxlanması üçün vacibdir.
Yumurtanın tərkibində olan triptofan isə serotonin istehsalında iştirak edir və əhval-ruhiyyənin tənzimlənməsinə kömək edir. Omeqa-3 yağ turşuları sinir sistemi hüceyrələrinin normal fəaliyyəti və iltihab proseslərinin idarə olunması üçün əhəmiyyətlidir.
Lutein və zeaksantin əsasən göz sağlamlığı ilə əlaqələndirilsə də, bu maddələr antioksidant xüsusiyyətlərə malikdir və beyin toxumalarını oksidləşdirici stressdən qorumağa kömək edə bilər.
Nevroloqlar xüsusilə yumurtanın sarısının atılmamasını tövsiyə edirlər. Çünki xolin, lutein və omeqa-3 yağ turşularının böyük hissəsi məhz sarıda yerləşir.
Mütəxəssislər qeyd edirlər ki, yumurta faydalı olsa da, tərkibində kifayət qədər lif yoxdur. Buna görə onu ispanaq, qızılbalıq, yunan yoqurtu, qoz-fındıq, qaragilə və avokado kimi məhsullarla birlikdə qəbul etmək daha balanslı qidalanmaya kömək edir.
06:30 23.08.2026
Oxunuş sayı: 53