Planetin Yaxın Şərq “düyünü”: ABŞ- İran danışıqları “dalana dirənir”?
ABŞ və İsrailin İranla atəşkəsə nail olmaq istiqamətindəki səyləri Tehranda münaqişənin həlli cəhdi kimi deyil, döyüşlərin növbəti mərhələsinə hazırlıq kimi qiymətləndirilir. İran tərəfi hesab edir ki, mümkün atəşkəs əsasən bazarlardakı təzyiqi azaltmaq və vaxt qazanmaq məqsədi daşıyır.
Bu yanaşma tərəflər arasında dərin etimadsızlığın davam etdiyini göstərir. Belə vəziyyətdə mümkün razılaşmanın uzunmüddətli olması və münaqişəni tam dayandırması ilə bağlı ciddi suallar yaranır.
Mövzu ilə bağlı Ümid Partiyası sədrinin müavini, siyasi şərhçi Tamilla Qulami Crossmedia.az-a müsahibəsində bölgədəki son vəziyyəti, İranın atəşkəsə yanaşmasını, ABŞ və İsrailin maraqlarını, eləcə də münaqişənin yenidən alovlanması ehtimalını dəyərləndirib:
-İranın atəşkəs təşəbbüsünə bu qədər şübhə ilə yanaşması nə ilə bağlıdır?
-Bu gün üçün qeyd edim ki, Tehran üçün əsas problem atəşkəsin özündən çox, onun sonrakı mərhələsinin necə olacağıdır. Çünki İran rəhbərliyi hesab edir ki, ABŞ və ya İsrail hərbi təzyiq altında əldə etdikləri üstünlüyü diplomatik fasilə zamanı möhkəmləndirə, kəşfiyyat məlumatlarını yeniləyə və növbəti hərbi əməliyyat üçün daha əlverişli mövqeyə keçə bilərlər. Bu inamsızlığın konkret səbəbi də ondan ibarətdir ki, İran iyunda əldə olunmuş müvəqqəti razılaşmanın ABŞ tərəfindən pozulduğunu iddia edir. Həmçinin əlavə edim ki, bu üç dövlət arasında artıq illərdir etimadsızlıq mühiti davam edir. Tehran buna görə yeni razılaşmada sadəcə siyasi vədlər deyil, ABŞ-nin konkret öhdəliklərini, sanksiyaların yumşaldılmasını və hərbi təzyiqin dayandırılması üçün mexanizmlərin yaradılmasını tələb edir. Verilən məlumatlara əsasən, İran hazırda əvvəlki razılaşmanın şərtlərinə qayıdılmasını və Vaşinqtonun öhdəliklərini yerinə yetirməsi üçün vaxt cədvəli istəyir. Yəni Tehran üçün atəşkəs avtomatik olaraq sülh demək deyil. İranın baxışında atəşkəs ABŞ-nin hərbi üstünlüyünü qoruyub saxladığı bir fasiləyə çevrilə bilər. Xüsusi olaraq bir məqamı da qeyd edim ki, bu gün İran öz daxilində süni şəkildə birliyi saxlamaq üçün “xarici düşmən” aktorundan istifadə edir.

-Tehran ABŞ və İsrailin vaxt qazanmağa çalışdığını düşünürsə, bu, danışıqlar prosesini faktiki dalana dirəyə bilərmi?
-Zənnimcə, hazırkı vəziyyətin ən böyük təhlükəsi məhz budur. Çünki danışıqların uğuru üçün tərəflərin bir-birinə minimum strateji etimadı olmalıdır. Yuxarıda da qeyd etdiyim kimi, bu yoxdur. İran ABŞ-nin hər diplomatik fasilədən hərbi və iqtisadi üstünlüyünü artırmaq üçün istifadə etdiyini düşünür. Belə şəraitdə Tehran hər hansı razılaşmanı imzalamaqdan əvvəl “ABŞ bundan sonra nə edəcək?” sualına cavab istəyəcək. Vaşinqton isə əksinə, İranın nüvə proqramı, Hörmüz boğazı və regional hərbi imkanları ilə bağlı konkret təminatlar tələb edir. Beləliklə, bir tərəf təminat tələb edir, digər tərəf isə əvvəlcə güzəşt istəyir. Bu da klassik diplomatik dalandır. Hazırda 60 günlük danışıqlar müddətinin nəticəsiz başa çatması bu dalanın artıq nəzəri deyil, praktik problem olduğunu göstərir.
-Atəşkəsin müvəqqəti fasiləyə çevrilərək yeni hərbi mərhələdən əvvəl hazırlıq dövrü olması ehtimalı nə qədər realdır?
-Bu ehtimal kifayət qədər real görünür. Hətta deyərdim ki, təhlükəli ssenari də ola bilər. Çünki atəşkəsin həqiqi sülhə çevrilməsi üçün yalnız atəşin dayanması kifayət etmir. Hərbi qüvvələrin mövqeləri, raket və hava hücumundan müdafiə sistemləri, nüvə obyektləri, Hörmüz boğazının statusu, sanksiyalar və qarşılıqlı təhlükəsizlik təminatları barədə mexanizm yaradılmalıdır. Bunlar həll edilməzsə, atəşkəs sadəcə növbəti raunddan əvvəl fasilə kimi görünəcək. Buna görə də İranın avqustun 17-də daha “tam hücum xarakterli” hərbi mövqeyə keçə biləcəyini bildirməsi, Vaşinqtonun isə atəşkəsi uzatmaq niyyətində olmadığını açıqlaması olduqca ciddi siqnaldır. Məncə, hazırda atəşkəsin davamlı sülhə çevrilməsi ehtimalı yeni hərbi mərhələyə çevrilməsi ehtimalından daha zəif görünür.
-ABŞ və İsrail üçün hazırkı mərhələdə atəşkəsə nail olmaq, yoxsa hərbi üstünlüyü qorumaq daha vacibdir?
-Burada ABŞ və İsrailin maraqlarını tam eyniləşdirmədən deyim ki, İsrail üçün əsas məsələ İranın hərbi və nüvə potensialının yenidən bərpa olunmasına imkan verməməkdir. Buna görə də İsrail atəşkəsi yalnız İranın hərbi imkanlarının məhdudlaşdırılması ilə müşayiət olunarsa, daha təhlükəsiz hesab edə bilər. ABŞ üçün isə mənzərə bir qədər fərqlidir. Vaşinqton həm ümumilikdə İran üzərində təzyiqi saxlamaq, həm də müharibənin ABŞ iqtisadiyyatına və enerji qiymətlərinə təsirini azaltmaq istəyir. ABŞ üçün bu gün ideal variant hərbi üstünlük saxlanılmaqla diplomatik razılaşmanın əldə olunmasıdır. Tramp administrasiyası İranın özünü məğlub edilmiş hiss etməsini istəməsə də, ölkənin hərbi və nüvə baxımından əvvəlki imkanlarına qayıtmasını qəbul etməyəcək.
-İranın dərin inamsızlığı fonunda tərəflər arasında davamlı sülh razılaşması əldə etmək mümkündürmü?
-İranın dərin inamsızlığı fonunda tərəflər arasında davamlı sülh razılaşması əldə etmək nə qədər çətin olsa da, mümkündür. Amma bunun üçün indiki atəşkəs modelindən daha ciddi mexanizm lazımdır. İranın ABŞ-yə də, İsrailə də etimadı son dərəcə aşağıdır, İsrailə isə düşmən mövqeyindədir. Zatən ABŞ İranın nüvə proqramına və regional hərbi fəaliyyətinə etibar etmir. Belə vəziyyətdə sadəcə qarşılıqlı vədlər əsasında sülh sazişi çox həssas olacaq. Davamlı razılaşma üçün ən azı nüvə proqramı, sanksiyalar, Hörmüz boğazı, hərbi əməliyyatların dayandırılması və regional təhlükəsizlik məsələləri ortaq razılaşma ilə həll edilməlidir. Bu variantlara baxanda biz də bilirik ki, hər iki ölkənin çətin ortaq məxrəcə gəlməsi asan deyil. Ən vacibi isə sazişin pozulacağı halda hansı mexanizmin işə düşəcəyinin əvvəlcədən müəyyən edilməsidir. Əks halda hər bir tərəf qarşı tərəfin razılaşmanı pozmağa hazırlaşdığını düşünəcək. Bu isə sülh yox, silahlı atəşkəs yaradacaq.
-Qlobal enerji bazarlarına təzyiqin azalması ABŞ-nin atəşkəsə marağını nə dərəcədə artırır?
-Qlobal enerji bazarlarına təzyiqin azalması ABŞ-nin atəşkəsə marağını ciddi dərəcədə artırır. Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm strateji arteriyalarından biridir. Boğaz ətrafında gərginliyin artması neftin qiymətini yuxarı çəkir və bu, yalnız Avropa və Asiyaya deyil, ABŞ istehlakçısına da təsir göstərir. Amma hələlik neftin qiyməti qalxanda ABŞ nefti baha qiymətə satır, azalanda da həmin nefti alıb ehtiyatlarını artırır. Ona görə də ABŞ enerji qiymətlərini aşağı salmaq istəyirsə də, İran üzərində maksimal təzyiq mexanizmini itirmək istəmir. Rəsmi Vaşinqtonun əsas strategiyası təzyiqi saxlayaraq enerji bazarlarını sabitləşdirmək olacaq.
-Əgər atəşkəs baş tutsa, İranın növbəti mərhələdə hansı şərtləri irəli sürməsi gözləniləndir?
-İranın əsas tələbləri böyük ehtimalla ABŞ-nin hərbi əməliyyatlara son qoyması və yeni hücum zəmanətinin verilməsi, sanksiyaların mərhələli şəkildə yumşaldılması və İranın dondurulmuş maliyyə aktivlərinə çıxışının bərpası istiqamətində olacaq. Bundan başqa, Hörmüz boğazının açılması müqabilində İran təhlükəsizlik və naviqasiya təminatları tələb edə, həmçinin nüvə proqramı məsələsində tam kapitulyasiya etmədən müəyyən məhdudiyyətləri qəbul edə bilər. Tehran həmçinin ABŞ qoşunlarının regiondakı mövcudluğunun azaldılmasını tələb edə bilər. Hazırkı İran mövqeyində sanksiyaların, hərbi təzyiqin və ABŞ qüvvələrinin məsələsi bir-birindən ayrılmaz məsələlər kimi görünür.
-Münaqişənin yenidən alovlanması Yaxın Şərqdə hansı yeni cəbhələrin açılması riskini yarada bilər?
-Ən təhlükəli məqam müharibənin İran-ABŞ xəttindən çıxaraq regional müharibəyə çevrilməsidir. Düşünürəm ki, ilkin risk Yəmən və Qırmızı dəniz ola bilər. Husi hücumlarının yenidən intensivləşməsi Bab əl-Məndəb boğazını da Hörmüz kimi qlobal ticarət üçün təhlükəli zonaya çevirə bilər. Digər risk İraq və Suriyadır. İranın proksi silahlı qruplarının ABŞ qüvvələrinə və İsrail maraqlarına qarşı fəallaşması mümkün görünür. Çünki İran hər dəfə dalana dirənəndə mütləq şəkildə bu qruplaşmaları meydana atır. Livan cəbhəsi də önəmli ərazilərdəndir. İsrail-Livan xəttində yeni eskalasiya İran-İsrail qarşıdurmasını daha geniş regional müharibəyə tətikləyə bilər. Baxmayaraq ki, dövlətlər bu məsələdə daha həssas yanaşmağa cəhd edirlər. Növbəti cəbhə Fars körfəzi və enerji infrastrukturudur. Belə ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreynin enerji obyektləri təhlükə altında görünür. Yəni yeni müharibənin ən böyük təhlükəsi yalnız İranın bombalanması deyil, bir neçə paralel cəbhənin eyni vaxtda açılmasıdır. Bu cəbhələri açmaqda İran çox maraqlıdır. Danışıqlar masasında tək özünün yox, sadaladığım ölkələrin də narahatlığı üzərindən çıxış etmələrini gözləyir.
-Sizcə, hazırkı diplomatik təmaslar real sülh prosesinin başlanğıcıdır, yoxsa tərəflərin növbəti qarşıdurmaya hazırlaşdığı taktiki fasilədir?
-Məncə, bu, hazırkı mərhələdə tammiqyaslı sülh prosesindən daha çox, hər iki tərəfin öz mövqeyini gücləndirməyə çalışdığı taktiki diplomatiyadır. Çünki real sülh prosesinin üç əsas əlaməti hələ formalaşmayıb. Bunlar qarşılıqlı etimad, icra mexanizmi və siyasi kompromisdir. Əksinə, ABŞ-nin atəşkəsin uzadılmasına maraq göstərməməsi, İranın daha sərt hərbi mövqeyə keçəcəyini bildirməsi və Hörmüz boğazı məsələsinin yenidən əsas qarşıdurma nöqtəsinə çevrilməsi göstərir ki, tərəflər hələ də bir-birinə ciddi təzyiq rıçaqları ilə yanaşırlar. Amma buna diplomatiya tamamilə bitib də demək olmaz. Çünki enerji bazarlarının təzyiqi, Hörmüz boğazının strateji əhəmiyyəti və müharibənin ABŞ üçün iqtisadi-siyasi xərcləri tərəfləri yenidən danışıqlar masasına qaytara bilər. ABŞ-nin Avstriya və Yunanıstan kimi əlavə vasitəçilərlə təmasları genişləndirməsi də diplomatik kanalın tam bağlanmadığını göstərir. Birmənalı olaraq, bu gün ABŞ tam olaraq region üzərində nəzarəti ələ keçirmək, xüsusilə də neft istehsalı və satışında hər addımın özünün bilgisində olmasını istəyir. Beləliklə, hazırda tərəflər sülhə hazırlaşmaqdan çox, sülh danışıqlarında daha güclü mövqedən çıxış etmək üçün hərbi və diplomatik rıçaqlarını qoruyurlar. Buna görə qarşıdakı mərhələdə əsas sual budur: atəşkəs əldə olunarsa, tərəflər onu siyasi razılaşmaya çevirə biləcəklərmi? Əgər bu mümkün olmazsa, indiki fasilə növbəti müharibənin qarşısını alan mexanizm yox, növbəti hərbi mərhələyə keçidi gecikdirən zaman pəncərəsi olacaq.
Nigar Xəlilli
10:30 19.08.2026
Oxunuş sayı: 58