ABŞ-İran müharibəsi uzanır: qarşıdurma “sonsuz müharibə”yə çevrilə bilərmi?
ABŞ və İran arasında fevral ayında başlayan hərbi qarşıdurma artıq yeddinci ayını keçib. Münaqişənin uzanması fonunda tərəflər arasında atəşkəs və danışıqlar istiqamətində müxtəlif təşəbbüslər irəli sürülsə də, əsas məsələlər üzrə razılaşma əldə olunmayıb. ABŞ İranın iqtisadi təzyiq altında güzəştə getməsini tələb edir, Tehran isə blokadanın aradan qaldırılmasını və dondurulmuş vəsaitlərin sərbəst buraxılmasını istəyir.
Nüfuzlu Foreign Affairs nəşrində də müharibənin uzunmüddətli xarakter alması ehtimalına diqqət çəkilir. Nəşrdə yayımlanan təhlildə ABŞ-İran qarşıdurmasının Ukraynadakı müharibəyə bənzər tükətmə savaşına çevrilə və Vaşinqtonun uzunmüddətli, nəticəsi qeyri-müəyyən hərbi qarşıdurmada ilişib qalması riskinin yarana biləcəyi qeyd olunur. Hazırkı vəziyyətdə ABŞ-ın İrana qarşı iqtisadi və hərbi təzyiqi davam edir, Tehran isə müqavimətini saxlayır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, uzunmüddətli müharibə ABŞ-nin üstünlüyü ilə davam edə bilər:

"Məlumdur ki, uzunmüddətli müharibə, əlbəttə ki, Amerikanın üstünlüyü ilə davam edəcək. Bütün bu şəraitdə İranın daxilində iqtisadi-siyasi vəziyyət, eyni zamanda miqrasiya problemləri daha da dərinləşəcək. Birinci nöqteyi-nəzərdən mən belə hesab edirəm ki, əslində, bu müharibə baş verməməlidir, onun qarşısı alınmalıdır. İkincisi isə, qarşısı alınmırsa, heç olmasa, dünya ictimaiyyəti müharibənin bu sərhədlərdən kənara yayılmasına şərait yaratmamalıdır".
Politoloq qeyd edib ki, Amerika “ağam mənə vur deyib”, “ağam mənə öldür deyib”, “gəlin bunu vuraq” fəlsəfəsi ilə hərəkət edə bilməz. Dünya başıpozuqluq dünyası deyil. Dünya, hər halda, pis-yaxşı olsa da, beynəlxalq qanunlarla işləyir. Beynəlxalq qanunlara görə də İrana qarşı müharibənin davam etdirilməsi, mənim zənnimcə, dünya tərəfindən, bəlkə də BMT-nin özü tərəfindən ciddi şəkildə pislənməlidir.
Zeynəb Həsən
19:30 30.09.2026
Oxunuş sayı: 40