Türkiyə çağırış etdi: Müsəlman dünyası İsrailə qarşı hərəkətə keçir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İslam dünyasını İsrailə qarşı təzyiqləri artırmağa və Qəzzaya humanitar yardımların çatdırılmasını gücləndirməyə çağırması Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətləri yenidən gündəmə gətirib. Türkiyənin Fələstin məsələsində nümayiş etdirdiyi mövqe və İsrailin Qəzzadakı siyasətinə yönələn tənqidləri iki ölkə arasındakı diplomatik münasibətlərə də təsirsiz ötüşmür.
Digər tərəfdən, Ərdoğanın çağırışının İslam dünyasında nə dərəcədə dəstək qazanacağı və hansı dövlətlərin bu istiqamətdə konkret addımlar atacağı maraq doğurur. Bəs Türkiyənin bu mövqeyi İsrail ilə münasibətlərdə gərginliyi daha da dərinləşdirə bilərmi? İslam ölkələri Ankara ilə həmrəylik nümayiş etdirərək İsrailə qarşı ortaq mövqe formalaşdıra biləcəklərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, İsrail ilə Türkiyə arasında, xüsusilə Fələstin və Qəzza məsələsinə görə ciddi fikir ayrılıqları mövcuddur: “Bu baxımdan, Türkiyə Prezidentinin İslam dünyasını İsrailə qarşı təzyiqləri artırmağa çağırması başadüşüləndir. Prezident Rəcəb Tayyib Ərdoğan İslam dünyasında mühüm siyasi liderlərdən biri kimi çıxış edir. İslam dünyası dedikdə yalnız ərəb ölkələri deyil, qeyri-ərəb müsəlman dövlətləri də nəzərdə tutulmalıdır. Hesab edirəm ki, bu ölkələr də İsrailə müəyyən təzyiqlər göstərməklə Qəzzəyə humanitar yardımların çatdırılmasına töhfə verməlidirlər”.

Ekspert qeyd edib ki, İsraildə keçirilən son seçkilərdən sonra siyasi hakimiyyətdə baş verə biləcək dəyişikliklər ölkənin mövcud siyasətinə də təsir göstərə bilər: “"Likud" Partiyasının və baş nazir Binyamin Netanyahunun məğlubiyyəti, eləcə də yeni hökumətin formalaşması Qəzza ilə bağlı siyasətdə müəyyən dəyişikliklərə və humanitar missiyaların həyata keçirilməsinə imkan yarada bilər. Çünki İsrailin hazırkı siyasəti ölkənin beynəlxalq imicinə ciddi mənfi təsir göstərib. Bu baxımdan, Türkiyə Prezidentinin çağırışını başadüşülən hesab edirəm. Müsəlman ölkələrinin bu müraciətə müsbət cavab verməsi və Qəzzəyə humanitar yardımın çatdırılması istiqamətində birgə addımlar atması vacibdir”.
Ayhan
13:45 20.11.2026
Oxunuş sayı: 341