ABŞ Yaxın Şərqə 10 minə yaxın hərbçi göndərir: İranla qarşıdurma dərinləşir?
ABŞ-İran qarşıdurması fonunda Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu artırmağa hazırlaşdığı bildirilir. Pentaqonun bölgəyə 9-10 minədək əlavə hərbçi və üçüncü aviadaşıyıcı zərbə qrupunu göndərməsi planı barədə məlumat yayılıb. Bu addımın ABŞ-İran gərginliyinin davam etdiyi bir vaxtda atılması regionda hərbi qüvvələrin yerləşdirilməsi və mümkün yeni eskalasiya ilə bağlı müzakirələri artırıb.
Crossmedia.az-a açıqlamasında politoloq Yusif Bağırzadə ABŞ-nin Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməsinin regiondakı hərbi balans və təhlükəsizlik vəziyyətinə təsir göstərə biləcəyini bildirib. O qeyd edib ki, Vaşinqtonun bölgədəki hərbi imkanlarını artırması həm İrana qarşı çəkindirmə imkanlarını gücləndirir, həm də qarşıdurmanın genişlənməsi riskini artırır.

“Şübhə yoxdur ki, ABŞ-nin Yaxın Şərqə əlavə 9–10 min hərbçi, üçüncü aviadaşıyıcı zərbə qrupu və əlavə dəniz piyadaları qüvvələri göndərməsi regiondakı hərbi balansı əhəmiyyətli dərəcədə dəyişdirə biləcək addımdır. ABŞ rəsmilərinin məlumatına görə, yeni yerləşdirmə ilə bölgədəki Amerika hərbi-dəniz qüvvələrinin sayı son dərəcə yüksək səviyyəyə çata bilər. Artıq regionda iki aviadaşıyıcı zərbə qrupu mövcuddur və yeni qüvvələrlə birlikdə ABŞ-nin bölgədəki hərbi imkanları 20 min nəfərdən çox şəxsi heyət və yüzlərlə təyyarə səviyyəsinə yüksələ bilər”.
Politoloq hesab edir ki, yeni hərbi yerləşdirmənin əsas nəticələrindən biri ABŞ-nin İrana qarşı hərbi çəkindirmə imkanlarının genişlənməsi olacaq: “Bu addımın ilk və ən aydın nəticəsi ABŞ-nin İrana qarşı hərbi çəkindirmə imkanlarının güclənməsidir. Üç aviadaşıyıcının eyni vaxtda regionda cəmləşdirilməsi Vaşinqtona həm hava əməliyyatlarının miqyasını artırmaq, həm də müxtəlif ssenarilər üzrə daha çox hərbi seçim saxlamaq imkanı verir. ABŞ rəsmiləri də yeni qüvvələrin əsas məqsədlərindən birinin əməliyyat çevikliyi yaratmaq olduğunu bildirirlər”.
Yusif Bağırzadə bu addımın İranın təhlükə qavrayışına da təsir göstərə biləcəyini və qarşılıqlı hərbi hazırlığın eskalasiya riskini artırdığını vurğulayıb: “Lakin bunun digər tərəfi İranın təhlükə qavrayışının kəskinləşməsi ilə bağlıdır. Tehran bu cür genişmiqyaslı hərbi hazırlığı təbii olaraq hücum ehtimalının yüksəlməsi kimi qiymətləndirəcək. İran artıq bəyan edib ki, ABŞ-nin genişmiqyaslı hücumları bərpa edəcəyi təqdirdə daha genişmiqyaslı cavab hazırlayır və mümkün cavab ABŞ müttəfiqlərinə və regiondan kənardakı hədəflərə də yönələcək”.
O, qarşılıqlı hərbi addımların tərəflərin bir-birinin niyyətlərini daha aqressiv qiymətləndirməsinə səbəb ola biləcəyini bildirib: “Belə vəziyyət avtomatik olaraq eskalasiya zənciri riskini artırır. ABŞ qüvvələrinin artması İrana təzyiqi gücləndirir, İranın cavab hazırlığı isə ABŞ-ni əlavə hava hücumundan müdafiə, dəniz qüvvələri və digər hərbi vasitələr yerləşdirməyə sövq edə bilər. Belə qarşılıqlı addımların hər biri tərəflərdən birinin digərinin niyyətlərini daha aqressiv şərh etməsinə gətirib çıxara bilər”.
Politoloq əlavə edib ki, hərbi qüvvələrin artırılması avtomatik olaraq əməliyyatın başlayacağı anlamına gəlmir: “Amma bütün bunlara baxmayaraq onu da deyim ki, hərbi gücün artırılması mütləq şəkildə dərhal hərbi əməliyyat demək deyil. Əksinə, Vaşinqton bu qüvvələri diplomatik danışıqlarda əlavə rıçaq kimi də istifadə edə bilər. Bilirik ki, hazırda hərbi və diplomatik kanallar paralel şəkildə mövcuddur. Yəni İranın danışıqlar təklifləri və Vaşinqtonun yeni hərbi təzyiq siyasəti eyni vaxtda davam edir”.
Yusif Bağırzadə regional təhlükəsizliklə yanaşı, enerji və dəniz nəqliyyatı baxımından da mümkün risklərə diqqət çəkib: “Regional təhlükəsizlik baxımından daha bir mühüm məsələ isə enerji və dəniz nəqliyyatıdır. ABŞ-İran qarşıdurmasının genişlənməsi Hörmüz boğazı ətrafında riskləri yüksəldə və qlobal enerji bazarlarında əlavə dalğalanma yarada bilər. Artıq ABŞ-nin yeni hərbi yerləşdirməsi ilə bağlı xəbərlərdən sonra neft qiymətlərində kəskin hərəkət müşahidə olunub”.
Politoloq Vaşinqtonun addımının həm çəkindirmə imkanlarını artırdığını, həm də qarşıdurmanın genişlənməsi ilə bağlı risklər yaratdığını qeyd edib: “Beləliklə, Vaşinqtonun addımı iki paralel effekt yaradır deyə bilərik. Bir tərəfdən İrana qarşı çəkindirmə və hərbi təzyiq imkanlarını artırır, digər tərəfdən isə Tehranla birbaşa toqquşma və regional münaqişənin genişlənməsi riskini yüksəldir. Əsas məsələ tərəflərin bu hərbi imkanları real əməliyyata çevirmək əvəzinə siyasi-diplomatik təzyiq vasitəsi kimi nə dərəcədə idarə edə bilməsidir”.
Nigar Xəlilli
17:30 02.10.2026
Oxunuş sayı: 48