Hörmüz boğazında tankerlər vuruldu: Müharibə böyüyür
Dünyanın əsas enerji marşrutlarından biri sayılan Hörmüz boğazında neft tankerlərinin naməlum mərmilərlə vurulması diqqətləri yenidən regionun dəniz təhlükəsizliyinə yönəldib. Oktyabrın 1-də üç Liberiya bayraqlı tanker hücuma məruz qalıb, lakin zərbələrin mənbəyi və hücumun kim tərəfindən həyata keçirildiyi hələ müəyyən edilməyib. Hadisənin ABŞ-İran qarşıdurmasının davam etdiyi bir vaxtda baş verməsi enerji daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. Hörmüzdə baş verən bu insident regiondakı gərginliyin dəniz yollarına təsirini də yenidən gündəmə gətirib.
Crossmedia.az-a açıqlamasında politoloq Natiq Miri ABŞ və İran arasında qarşıdurma fonunda tərəflərin malik olduğu təzyiq vasitələrinə diqqət çəkib. O, İranın mümkün cavab addımları sırasında Hörmüz boğazı və Babülməndəb boğazı ilə bağlı ssenariləri, ABŞ-nin isə əsas təzyiq vasitəsi kimi iqtisadi sanksiya və blokada siyasətini göstərib:

“İndiki şərtlərdə İranın tək təzyiq aləti Hörmüz boğazının bağlanması, Hörmüz boğazından keçən ticarət gəmilərinə təhlükələrin törədilməsi, o cümlədən Yəməndəki üsyançı husilər vasitəsilə yeni bir ticarət dəhlizi olan və Qızıl dənizə çıxışı olan Babülməndəb dəhlizinin bağlanmasıdır. Bu da nəticə etibarilə həm qlobal neft qiymətlərinin artmasına, həm də qlobal iqtisadiyyatda böhrana yol aça bilər. Və belə bir vəziyyətdə, əlbəttə ki, bu nəticələrə görə Amerika Birləşmiş Ştatları və onun prezidenti Donald Tramp məsuldur”.
Politoloq ABŞ-nin əsas təzyiq vasitəsinin iqtisadi təzyiq olduğunu bildirib: “Amerika Birləşmiş Ştatlarının da əsas təzyiq aləti bu gün iqtisadi boğma siyasətidir. Bildiyiniz kimi, dəniz vasitəsilə İranın bütün ticarət limanları blokadaya alınıb və bu blokadaya alınandan, yəni blokada başlayandan bəri heç bir neft tankeri İrandan çıxa bilməyib. Ona görə də İranın neft sata bilməməsi İran iqtisadiyyatını çöküş səviyyəsinə gətirib ki, Donald Tramp da əmindir ki, İran uzun müddət buna davam gətirə bilməyəcək. Və bu baxımdan Amerika Birləşmiş Ştatlarının bütün şərtlərini qəbul edəcək”.
Natiq Miri hazırda beynəlxalq səviyyədə ciddi əlavə təzyiq vasitələrinin müşahidə olunmadığını düşünür: “Ancaq hələlik beynəlxalq səviyyədə biz ciddi bir təzyiq alətini görmürük. Baxmayaraq ki, zaman-zaman bəzi Avropa İttifaqı ölkələri Qızıl dənizə xüsusi hərbi gəmilərin göndərilməsi haqqında fikirlər səsləndirirlər, hələlik prosesə birbaşa müdaxilə müşahidə olunmur. BMT ümumiyyətlə bu məsələdə açığı, tamamilə fəaliyyətsizdir. Çünki BMT-nin müdaxiləsi, çıxardığı hər hansı bir qətnamə belə icra mexanizmləri olmadığı üçün həyata keçirilmir və yaxud da Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən geosiyasi maraqlar kontekstində veto olunur. Buna görə də prosesi irəliyə doğru, sülhə doğru aparmaq mümkün olmur”.
O, beynəlxalq sistemin bu cür münaqişələrin həllində məhdud imkanlara malik olduğunu qeyd edib: “Ona görə də açığı dünya indiki sistemlə, dırnaq arası indiki nizamla bu cür münaqişələri həll etmək qarşısında öz acizliyini açıq şəkildə göstərir. Heç bir qlobal güc, istər Avropa İttifaqı, istər təkbaşına Amerika Birləşmiş Ştatları, istər Çin, Rusiya və digər güc mərkəzləri bu məsələdə aciz olduğunu göstərir. Ona görə də hələlik ciddi təzyiq alətlərindən danışmaq mümkün deyil”.
Politoloq ABŞ-nin bölgəyə əlavə hərbi qüvvələr göndərməsinin vəziyyətin hərbi mərhələyə keçməsi ehtimalını artırdığını bildirib: “Ancaq onu da nəzərə alın ki, Amerika Birləşmiş Ştatları artıq üçüncü təyyarədaşıyan gəmisini İranın yerləşdiyi bölgəyə göndərməyə başlayıb. Eyni zamanda dəniz qoşunları, yəni xüsusi təyinatlılar da bu bölgəyə göndərilir. Bu da onu göstərir ki, ola bilsin, Konqresə aralıq seçkilərindən sonra Donald Trampın dediyi kimi, iqtisadi boğma siyasətinə bir də yenidən əməliyyatların başlaması əlavə oluna bilər”.
Natiq Miri mümkün hərbi ssenarinin miqyasının geniş ola biləcəyini də vurğulayıb: “Bu, adaların işğalından tutmuş İranda bütün enerji daxil olmaqla infrastrukturun məhvinə qədər prosesi apara bilər”.
Nigar Xəlilli
18:00 02.10.2026
Oxunuş sayı: 44