"Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub
Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filminin təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin və İCESCO-nun Bakı Regional Ofisinin dəstəyi, "Real" Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə Nizami Kino Mərkəzində baş tutan mərasimdə mədəniyyət rəsmiləri, ictimaiyyət və media nümayəndələri, yaradıcı heyət iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, film Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası çərçivəsində hazırlanıb.
Onun sözlərinə görə, ekran əsəri Azərbaycanın bölgələrindəki təbii, tarixi və etnik-mədəni irsin audiovizual formada tanıdılmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Əməkdar jurnalist, "Real" Təhlil İnformasiya Mərkəzinin direktoru və filmin media məsləhətçisi Mir Şahin Ağayev qeyd edib ki, bu cür layihələr milli-mədəni dəyərlərin qorunması baxımından əhəmiyyətlidir.
Filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov bildirib ki, ekran əsəri əsasən Ordubadın etnoqrafiyasına həsr olunub.
Onun sözlərinə görə, ekran işi sənədli-musiqili-etnoqrafik janrında hazırlanan ilk flmdir: "Filmdə Ordubadın keçmişi, bu günü və gələcəyi ilə bağlı mesajlar yer alıb".
Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.
20:51 03.10.2026
Oxunuş sayı: 42