Ağdam təsviri sənətin dili ilə: foto və rəsm sərgiləri
Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə 20 noyabr – Ağdam Şəhəri Günü çərçivəsində "Ağdam: zamanın qanadında" adlı fotosərgi keçirilib.
Mədəniyyət Nazirliyindən Crossmedia.az-a bildirilib ki, Ağdam Muğam Mərkəzində təşkil edilən sərgidə yeddi peşəkar fotoqrafın 30-dan artıq işi təqdim olunub.
Fotolarda Ağdam rayonunun tarixi yaddaşı, təbiəti və yenidən qurulması prosesi əks etdirilib.
Bayram tədbirləri çərçivəsində Ağdam Muğam Mərkəzində ABŞ-də yaşayan rəssam və memar Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı rəsm sərgisi də təşkil olunub.
Sərgidə rəssamın 2010-cu ildə ABŞ-də yaratdığı, Qarabağın təbiətinə, doğma torpağa bağlılığa və Vətən həsrətinə həsr olunmuş 11 rəsm əsəri nümayiş etdirilir.
Rəssam doğma yurdunun mənzərələrini yaddaşında, xatirələrində yaşadaraq onları kətan üzərinə köçürüb. Əsərlərdə Qarabağın dağları, təbiəti, işıqlı rəngləri, doğma torpağın ruhu və insanın Vətənə duyduğu sonsuz bağlılıq öz bədii ifadəsini tapıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini Murad Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri hər iki sərgi ilə tanış olublar.
19:04 20.11.2026
Oxunuş sayı: 108