"Şahmaran"ın premyerası keçirilib - dövlət rəsmiləri tədbirdə iştirak edib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilir.
Crossmedia.az xəbər verir ki, oktyabrın 3-4-də nümayiş olunacaq səhnə əsərinin hazırda keçirilən ilk nümayişində Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli də iştirak edir.
Libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan tamaşanın süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşü və bəşəriyyəti günahlarına görə mühakimə etməsi təsvir olunur.
Rok-müzikl janrında hazırlanan tamaşada Şərqin böyük mütəfəkkir şairi Ömər Xəyyamın sözlərinə bəstələnmiş mahnılar səsləndirilir. Səhnə əsərində teatrın xor və balet truppaları ilə yanaşı, Xalq artisti Pərviz Məmmədrzayev, Aydan Həsənova, Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Hüseyn Əlili və Murad Fərzəliyev də müxtəlif obrazlarda çıxış edirlər.
Nigar Xəlilli
19:47 03.10.2026
Oxunuş sayı: 102