Rubio İran nümayəndə heyətini ABŞ-dən qovdu - NƏ BAŞ VERİR
ABŞ-İran danışıqlarında tərəflər arasında fikir ayrılıqları fonunda yeni gərginlik yaranıb. ABŞ dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu-Yorku vaxtından əvvəl tərk etməsini tələb edib. ABŞ rəsmilərinin bildirdiyinə görə, qərar BMT Baş Assambleyası çərçivəsində aparılan dolayı danışıqlarda irəliləyiş əldə olunmamasından sonra verilib.
İran tərəfi isə nümayəndə heyətinin ölkədən çıxarılmasını fərqli təqdim edir. İranın BMT-dəki nümayəndəliyi heyətin sentyabrın 17-də ABŞ Dövlət Departamentinə əvvəlcədən bildirildiyi kimi plan üzrə Nyu-Yorkdan ayrıldığını açıqlayıb və “qovulma” iddiasını rədd edib. Bu qarşılıqlı açıqlamalar ABŞ və İran arasında danışıqların hansı mərhələdə olduğunu yenidən gündəmə gətirib. Reuters-in məlumatına görə, tərəflər arasında əsas fikir ayrılıqları davam edir və diplomatik təmaslar nəticə verməyib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Vaqif Hüseyn bildirib ki, ABŞ-İran danışıqlarında yaranan vəziyyət yeni proses deyil.

Politoloq qeyd edib ki, bu danışıqlar heç vaxt geniş olmayıb ki, daralsın: "Əvvəlcədən də belə olub. Ona görə də ABŞ nümayəndə heyətinin çıxarılmasını tələb etmək — yəni “biz onları qovduq, İran isə bunu əvvəlcədən planlaşdırıb, biz özümüz çıxırıq” demək istəyir — bu cür danışıqları, bu cür bəyanatları biz çox görmüşük.
Politoloq qeyd edib ki, maneəyə gəlincə, əsas maneə Amerika Birləşmiş Ştatlarının əslində, İranın indiki rəhbərliyi ilə tamhüquqlu bir tərəf kimi danışmaq istəməməsidir: "Mane olan budur. Çünki tamhüquqlu tərəf kimi danışılarsa, o zaman İranın indiki rəhbərliyini tanımış olacaq. Amerikanın isə belə bir niyyəti yoxdur. İranı rejim kimi təqdim edir. Ümumi maneə də ondan ibarətdir ki, tərəflərin fundamental məsələlərdə ciddi fikir ayrılıqları var. Nə qədər ki, bu cür ciddi fikir ayrılıqları davam edəcək, biz bu cür danışıqları həmişə izləyəcəyik".
Zeynəb Həsən
18:00 01.10.2026
Oxunuş sayı: 41