CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Afrika

16:42 02.10.2026

Afrika Buynuzunda yeni böhran: Efiopiya və Eritre qarşı-qarşıya

31

Efiopiya ilə Eritre arasında diplomatik və siyasi gərginlik yenidən yüksəlib. Crossmedia.az xəbər verir ki, Efiopiya hökuməti ölkə ərazisində fəaliyyət göstərən silahlı qrupların Eritre tərəfindən dəstəkləndiyini iddia edərək 10 eritreyalı diplomatı “arzuolunmaz şəxs” elan edib. Eritre tərəfi də oxşar addımlarla cavab verib. Addis-Abeba administrasiyası Eritreni Efiopiyanın daxili münaqişələrinə müdaxilə etməkdə ittiham edir. İki ölkə arasındakı münasibətlərin gərginləşməsinin arxasında sərhəd mübahisələri, iqtisadi anlaşmazlıqlar, dənizə çıxış məsələsi və regional təhlükəsizlik problemləri dayanır. Eritre 1993-cü ildə keçirilən referendumdan sonra Efiopiyadan ayrılaraq müstəqillik əldə edib. İlk illərdə tərəflər arasında əməkdaşlıq davam etsə də, sərhədlərin müəyyənləşdirilməsi, limanlardan istifadə və ticarət şərtləri münasibətləri tədricən gərginləşdirib. 1998-ci ildə Badme bölgəsi ətrafında başlayan münaqişə iki il davam edib. 2000-ci ildə imzalanan Əlcəzair sazişi hərbi qarşıdurmanı dayandırsa da, sərhəd məsələsi uzun müddət həll olunmamış qalıb. 2018-ci ildə Efiopiyanın Baş naziri Abiy Əhmədin hakimiyyətə gəlməsindən sonra münasibətlərdə normallaşma başlayıb. Həmin il iki ölkə arasında diplomatik əlaqələr və nəqliyyat bağlantıları bərpa olunub, Səudiyyə Ərəbistanının Ciddə şəhərində sülh sazişi imzalanıb. Lakin 2020–2022-ci illərdə Tigray bölgəsində baş verən münaqişədən və Pretoria sazişindən sonra tərəflərin təhlükəsizlik maraqları yenidən ayrılmağa başlayıb. Gərginliyi artıran əsas məsələlərdən biri də Efiopiyanın dənizə çıxış əldə etmək istəyidir. Efiopiya rəhbərliyi 2023-cü ildən etibarən dənizə çıxışı ölkənin strateji gələcəyi üçün vacib məsələ kimi təqdim edir. Eritre isə xüsusilə Assab limanı ilə bağlı müzakirələri öz suverenliyinə potensial təhlükə hesab edir. Bundan başqa, Afrika Buynuzu regionunda Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin fərqli maraqları da Efiopiya-Eritre münasibətlərinə təsir göstərir. Afrika İttifaqı və digər regional təşkilatlar tərəfləri gərginliyi azaltmağa və dialoqa qayıtmağa çağırır. Eritrenin 2025-ci ilin dekabrında IGAD-dan çıxması isə regional vasitəçilik imkanlarını daha da məhdudlaşdırıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR