Qədim insanların istifadə etdiyi boyanın sirri açıldı
Cənubi Afrikada tapılan təxminən 60 min illik oxra nümunəsində iri Afrika antilopu olan kannanın zülalına aid izlər aşkarlanıb. Alimlər hesab edirlər ki, tapıntı qədim insanların boya hazırlama üsulları və gündəlik həyatı haqqında yeni məlumatlar verə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Proceedings of the Royal Society B” elmi jurnalında dərc olunub.
Tədqiqatı Yaponiyanın Kyusyu Universiteti, Bergen Universiteti və Kopenhagen Universitetinin mütəxəssisləri aparıblar. Araşdırmaya yapon antropoloq Takumi Tsutaya rəhbərlik edib.
Oxra təbii mineral piqmentdir. Qədim insanlar ondan bədənlərini rəngləmək, qayaüstü təsvirlər yaratmaq və müxtəlif məqsədlər üçün istifadə ediblər.
Tədqiqat üçün nümunələr Cənubi Afrikanın cənubunda, De-Hup qoruğunun qayalıqlarında yerləşən Kilpdrift arxeoloji kompleksindən götürülüb. Alimlər torpaq nümunələrindəki zülalları paleoproteomika üsulu ilə araşdırıb, onların hansı canlıya aid olduğunu müəyyənləşdirmək üçün xromatoqrafiya və kütlə spektrometriyasından istifadə ediblər.
Nəticədə aşkarlanan kollagenin savannalarda yaşayan iri antilop — kannaya məxsus olduğu müəyyən edilib. Oxra nümunələrində üzvi maddələrin izlərinə, xüsusilə də Afrikadakı qədim arxeoloji tapıntılarda, nadir hallarda rast gəlinir.
Tədqiqatçılar bu nəticənin iki mümkün izahını irəli sürüblər. Ehtimallardan birinə görə, qədim insanlar boya qarışığına qəsdən heyvan mənşəli maddələr əlavə ediblər. Digər ehtimala əsasən isə həmin ərazidə oxra ilə işlənmiş heyvan dəriləri olub.
Tapıntı həmin dövrdə yaşamış Homo sapiens nümayəndələrinin mürəkkəb texniki bacarıqlara malik olduğunu göstərən əlavə sübut hesab olunur. Bununla belə, alimlər heyvan zülalının oxraya hansı yolla düşdüyünü dəqiq müəyyənləşdirə bilməyiblər.
Araşdırmanın digər əhəmiyyətli nəticəsi paleoproteomika metodunun imkanları ilə bağlıdır. İsti iqlim şəraitində DNT-nin qorunması çətin olsa da, bu üsul qədim zülalları müəyyənləşdirməyə imkan verir. Beləliklə, uzun müddət arxeoloji qatlarda qalmış üzvi maddələrin izlərini araşdırmaq mümkün olur.
Maraqlıdır ki, tədqiq edilən nümunələr uzun müddət arxivdə saxlanılıb və onların öyrənilməsi üçün yeni qazıntılara ehtiyac yaranmayıb. Bu, muzey kolleksiyalarında və əvvəlki ekspedisiyalardan qalan materiallarda qədim insanların məişəti, texnologiyaları və inancları barədə hələ də yeni məlumatların tapıla biləcəyini göstərir.
18:40 21.10.2026
Oxunuş sayı: 44