Dayanmadan yayılan virus 28 nəfəri məhv etdi - Necə qorunaq?
Ebola virusunun Şərqi Afrikada sərhədlərarası yayılması ilə bağlı narahatlıqlar yenidən artıb. Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası fonunda Keniyada ölkənin ilk idxal olunmuş halı qeydə alınıb. Konqoda yeddi il yaşayan və xəstələndikdən sonra Uqanda üzərindən Keniyaya gedən şəxs Nairobidə xəstəxanada müalicə olunarkən həyatını itirib.
Hadisədən sonra Keniyada yoluxmuş şəxslə təmasda olan 28 nəfər müəyyənləşdirilib, eyni reysdə olan 23 sərnişin və 4 ekipaj üzvünün də izlənilməsinə başlanılıb. Ölkədə sərhəd və hava limanlarında nəzarətin gücləndirilməsi Ebola virusunun yeni ərazilərə yayılmasının qarşısının alınması üçün erkən aşkarlama və təmasların izlənməsinin əhəmiyyətini bir daha ön plana çıxarıb.
Crossmedia.az-a açıqlamasında səhiyyə eksperti Rasif Bağırov Ebola virusunun əsasən Afrika ölkələrində yayıldığını və bu ərazilərdə xəstəliyin qarşısının alınması üçün nəzarət tədbirlərinin vacib olduğunu bildirib.

“Bilirsiniz, bu xəstəliklərin çoxu, əsasən də Afrika ölkələrində yayılır. Afrika ölkələrində insanların yaşayış şəraiti, təhlükəsizlik və digər məsələlərlə bağlı problemlər səbəbindən xəstəliklərdən ciddi qorunmaq mümkün olmur. Belə vəziyyətdə insan xəstəliyin olduğunu bilmədən bir ölkədən digərinə gedir, sərhədi keçir və sərhədlərdə ciddi nəzarət olmadıqda xəstəlik başqa ərazilərə də yayıla bilir. Bəzən məhsullar da göndərilir və həmin məhsulların içərisində virus bir ölkədən digərinə keçə bilər”.
Ekspert hesab edir ki, Ebola aşkarlandığı ərazidə lokallaşdırılarsa, xəstəliyin yayılmasının qarşısını almaq mümkündür. “Ebola aşkar olunarsa, yeri məlum olarsa və xəstəlik başqa ərazilərdə aşkar edilməzsə, adətən onu lokallaşdırırlar. Lokallaşdırıldıqdan sonra xəstəliyin qarşısını almaq mümkündür”.
Rasif Bağırov Ebola ilə COVID-19 arasında yayılma mexanizmi baxımından fərq olduğunu da vurğulayıb: “Bu xəstəlik koronavirus kimi hava-damcı yolu ilə yayılmır ki, bir insan nəfəs alarkən və ya danışarkən virus digərinə keçsin və bu şəkildə zəncirvari yayılsın. Bu baxımdan Ebola virusunun koronavirus kimi pandemiya və ya epidemiya formasını alması məsələsi müəyyən suallar doğurur. Yəni o dərəcədə qorxulu deyil”.
Onun sözlərinə görə, Ebola xəstəliyinin lokallaşdırılması və yayılmasının qarşısının alınması mümkündür. “Güman edirəm ki, bu xəstəlik lokallaşdırılaraq aradan qaldırıla bilər. Çünki Ebola ilə bağlı hallara bir neçə dəfə Afrika ölkələrində rast gəlinib. İndiyə qədər Avropa ölkələrində və ya digər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə geniş yayılma halı müşahidə olunmayıb. Xüsusilə Afrika ölkələrində bu xəstəliyə daha çox rast gəlinir və Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilən tədbirlər vasitəsilə onu lokallaşdırıb qarşısını almaq mümkün olur”
Nigar Xəlilli
13:00 08.10.2026
Oxunuş sayı: 157