Avropada quraqlıq böhranı dərinləşir: çaylar quruyur, tarixi izlər üzə çıxır
Avropanın böyük hissəsində davam edən güclü quraqlıq su ehtiyatlarını kritik həddə çatdırıb.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Bir sıra ölkələrdə çayların səviyyəsi rekord dərəcədə aşağı düşüb, bəzi bölgələrdə isə su istifadəsinə məhdudiyyətlər tətbiq edilib.
Fransada ərazinin təxminən 70 faizində su istifadəsinə məhdudiyyətlər qüvvədədir. Ölkənin 67 departamentində su qıtlığı səbəbindən ən yüksək böhran səviyyəsi elan olunub.
Böyük Britaniyada isə çayların yalnız 14 faizində normal su səviyyəsi qalıb, su anbarlarının doluluq səviyyəsi 69 faizə enib.
Fransanın ən uzun çayı olan Luara çayında su səviyyəsinin kəskin azalması xüsusilə diqqət çəkir. Fevral ayında çay hövzəsində tarixi daşqın qeydə alınsa da, avqustda su kritik dərəcədə azalıb. Bəzi ərazilərdə su səviyyəsi bir neçə ay ərzində 8-9 metr aşağı düşüb.
Almaniyanın mühüm su nəqliyyatı marşrutlarından biri olan Reyn çayında isə bütün müşahidə tarixinin ən aşağı göstəricisi qeydə alınıb. Kaub şəhərində suyun səviyyəsi 6 avqustda 19 santimetrə düşüb. Əvvəlki rekord minimum 2018-ci ilin oktyabrında 25 santimetr təşkil edib.
Mütəxəssislər Reyn çayında su səviyyəsinin 10 santimetrdən də aşağı düşə biləcəyini istisna etmirlər. Bu halda çay boyunca kommersiya daşımalarının dayanacağı bildirilir.
Dunay çayında da bir neçə ölkədə rekord göstəricilər qeydə alınıb. Serbiyanın şimalında su səviyyəsi standart göstəricidən 127 santimetr aşağı düşüb. Macarıstandakı “Paks” Atom Elektrik Stansiyası yaxınlığında isə suyun səviyyəsi 23 santimetrə enib.
Quraqlıq nəticəsində çayların dibindən tarixi izlər də üzə çıxır. Almaniyanın Elba çayında əsrlər əvvəl quraqlıq dövrlərini göstərmək üçün qoyulmuş aclıq daşları yenidən görünməyə başlayıb. Bu daşların üzərində 1707-ci ildən 2018-ci ilə qədər müxtəlif tarixlər həkk olunub.
Dunay çayında isə İkinci Dünya müharibəsinə aid qalıqlar aşkarlanıb. Macarıstanın Budaörş şəhəri yaxınlığında çayın çəkilməsi nəticəsində iki Vermaxt əsgərinin qalıqları, motosiklet və tank əleyhinə minalar tapılıb.
Slovakiyanın Komarno şəhəri yaxınlığında isə İkinci Dünya müharibəsinə aid Britaniya istehsalı gəmi əleyhinə bomba aşkarlanıb. Həmçinin Medvedov yaşayış məntəqəsi yaxınlığında Almaniyanın Wotan hərbi gəmisinin qalıqları üzə çıxıb.
İtaliyada isə quraqlıq qədim Roma dövrünə aid tikililəri üzə çıxarıb. Romada Tibr çayının səviyyəsinin azalması nəticəsində imperatorluq dövrünə aid olduğu ehtimal edilən qədim körpünün qalıqları görünməyə başlayıb.
Yüksək temperatur və su qıtlığı kənd təsərrüfatına və energetikaya da ciddi təsir göstərir. Fransada çaylardakı suyun temperaturunun artması və səviyyənin azalması səbəbindən bəzi atom elektrik stansiyalarının fəaliyyəti məhdudlaşdırılıb.
Rumıniyada isə Dunay çayının dayazlaşması səbəbindən ölkənin elektrik enerjisinin təxminən 20 faizini təmin edən Çernavoda Atom Elektrik Stansiyasının tam dayandırılması planlaşdırılır.
Ekspertlər bildirirlər ki, bu yay Avropada ən isti dövrlərdən biri kimi tarixə düşə bilər. Alimlərin fikrincə, iqlim dəyişiklikləri gələcəkdə daha uzunmüddətli və daha isti yay mövsümlərinə səbəb olacaq.
01:30 13.08.2026
Oxunuş sayı: 39