Təsərrüfatlarda ümumi heyvan sayı azala bilər - Nazirlik həyəcan təbili çaldı
Son dövrlərdə xüsusilə körpə quzuların 7-8, bəzən isə 9 kiloqram kimi aşağı çəkidə kəsilərək satışa çıxarılması heyvandarlıqla məşğul olan sahibkarlar arasında narahatlıq doğurur. Məsələ yalnız bir heyvanın satışından əldə edilən gəlirlə məhdudlaşmır. Heyvanların hansı yaşda və hansı çəkidə kəsilməsi təsərrüfatın rentabelliyinə, yem resurslarından istifadənin səmərəliliyinə, damazlıq sürünün formalaşmasına və gələcəkdə ət istehsalının həcminə təsir edən mühüm amillərdəndir.
Kənd Təsərrüfatı Nazirliyi Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, son dövrlərdə xüsusilə körpə quzuların aşağı çəkidə – 7-8, bəzən 9 kiloqram çəkidə kəsilərək satışa çıxarılması heyvandarlıqla məşğul olan sahibkarların narahatlıq doğuran məsələlərindən birinə çevrilib:
“Məsələ yalnız bir heyvanın satışından əldə edilən gəlirlə məhdudlaşmır. Heyvanın hansı yaşda və hansı çəkidə kəsilməsi bütövlükdə təsərrüfatın rentabelliyinə, yem resurslarından istifadənin səmərəliliyinə, damazlıq sürünün formalaşmasına və gələcəkdə ət istehsalının həcminə təsir edən mühüm amillərdəndir”.
Qeyd edilib ki, 7-8 kiloqram canlı çəki ilə quzunun kəsilməsi sağlam və normal inkişaf edən heyvanlar üçün, ümumiyyətlə, çox erkən kəsim hesab olunur: “Belə heyvanlarda əzələ toxumasının və ümumi cəmdək kütləsinin formalaşması hələ başa çatmır. Nəticədə istehsalçı heyvanın gələcəkdə verə biləcəyi əlavə ət kütləsindən istifadə etmədən onu satışa çıxarmış olur. FAO-nun məlumatlarında ənənəvi quzu istehsalında təxminən 45 kq canlı çəkiyə və 8-12 aylıq yaşa uyğun orta göstəricilər qeyd edilir. Bununla belə, intensiv və erkən quzu istehsalında kəsim bundan xeyli əvvəl də həyata keçirilə bilər. Yəni konkret təsərrüfat üçün “optimal kəsim” yalnız yaşla deyil, canlı çəki, cəmdək çıxımı, gündəlik çəki artımı və yemə sərf olunan xərc əsasında müəyyən edilməlidir. Məsələn, intensiv yemləmədə quzuların 3-5 aylıq dövrdə əhəmiyyətli canlı çəkiyə çatdırılması mümkündür. Burada məqsəd heyvanı mümkün qədər uzun müddət saxlamaq deyil, yemə çevrilən əlavə çəkinin iqtisadi baxımdan sərfəli olduğu mərhələyə qədər böyütməkdir”.
Həmçinin bildirilib ki, Azərbaycan üzrə hazırlanmış BMT araşdırmasında qoyun və keçilərin orta canlı və kəsim çəkilərində uzunmüddətli dəyişikliklər araşdırılıb: “Məlumatlara görə, 2000-ci ildə qoyunların orta cəmdək çəkisi təxminən 17-18 kq olduğu halda, sonrakı illərdə bu göstərici 12-14 kq səviyyəsinə qədər azalıb. Başqa sözlə, bir heyvandan əldə edilən orta cəmdək məhsulu təxminən 3 kq azalıb. Bu isə canlı çəkidə təqribən 7-8 kq azalma deməkdir. Heyvanların aşağı canlı çəkidə kəsilməsi yalnız təsərrüfatların gəlirlərinin azalmasına deyil, eyni zamanda damazlıq və sürü dövriyyəsinin bərpa potensialının zəifləməsinə və nəticədə təsərrüfatlarda ümumi heyvan sayının azalmasına səbəb ola bilər”.
Zərnigar Hüseynli
16:15 11.08.2026
Oxunuş sayı: 51